Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 6 страница




Pleşşuk sevinclə:

– Tez-tez...İndi iş adama yapışmır; hər kəsi mitinqdə, iclasda, kitabxanada, savad kursunda görərsiniz. Soldatlara dərs deyirlər. Onlara məruzə olur. Hamının gözlərini açmaq istəyirlər... Bilirsiniz, çar idarəsi və keşişlər xalqı qaranlıqda saxlamışdı, indi hürriyyətdir.

Brekin hamamın qapısında dayanması Pleşşukun sözlərini yarımçıq buraxdı. Rüstəmbəy camaşırını götürüb, zemstvo təşkilatı tərəfindən taxtadan yapılmış hamama getdi.

 

 

Axşam Vanyanın bir qonağı gəlmişdi. Seyrəksaqqal, sarıbəniz bu adamın əynindəki köhnə pencəkdən poçt məmuru olduğu duyulurdu. Məmur ibtidai məktəbi bitirdikdən sonra poçta girmiş və iyirmi il cürbəcür poçt qulluqlarında bulunduqdan sonra, nəhayət, hürriyyət sayəsində poçta vida demiş və bir aylıq təbliğatçı kursunu bitirib, cəbhəyə göndərilmişdi. Bunda o qədər həvəs vardı ki, ilk çıxışını səbirsizliklə gözləyirdi.

Vanyaya müraciət edərək:

– Siz yalnız hansı iclasda danışacağımı bildirin də, yerdə qalanını özüm bilərəm, - deyirdi.

Vanya vüqarla:

– Yoldaş, sizi yoldaş Quxmana təhkim etmişik, sabah gedib görüşərsiniz. Bu gün gəldiniz, tələsməyin, sabah işə başlarsınız.

Məmur təkrar-təkrar eyni məsələyə dönmək istəyirdi.

Rüstəmbəy hər gün Vanyanın yanına cürbəcür adamların gəlib təlimat aldığını görürdü. Vanyanın artıq rəsmən bolşevik firqəsinə daxil olduğu bəlli olurdu.

Vanya bir gün Rüstəmbəylə uzun-uzadı danışdı, bolşeviklərin siyasi proqramlarını izah edib, onun da firqəyə girməsini tövsiyə etdi.

Rüstəmbəy həmişəki kimi, yenə açıq danışmaqdan çəkinərək, firqəyə girməməsinə bəhanələr gətirdi.

Vanya mehriban səslə:

– Rüstəmbəy, - dedi, - monarxist olmadığınızı bilirəm; biləks, çarlığa düşmənsiniz. Hürriyyəti səmimi olaraq istəyirsiniz; kadetlərin xətti-hərəkətləri xoşunuza gəlmir; onların İstanbula göz dikmələri sizin sinirinizə belə toxunur.. Deməli, yolunuz sosialistlərlə birdir..., bolşeviklərdən başqa həqiqi sosialistlər varmı?

Rüstəmbəy gülümsünərək:

– Bunların hamısı doğru, - dedi. - Lakin... mən məhkum millətə mənsub olduğum üçün, federasiyadan başqa yol tanımıram. Bolşeviklər federasiyanı tanıyırlarsa, gec-tez onlarla qol-qola gedəcəyimə əmin ol.

Vanya müzəffər bir sima ilə fırqəsinin milli məsələ haqqındakı bütün qərarlarını izah etməyə başladı. Nəticədə Rüstəmbəydən qəti bir cavab almayaraq susdu.

Ağır və uzun sükutdan sonra başqa bir mövzu sahəsinə keçilib söhbət qızışdı. Köhnə xatirələr, macəralar canlı lövhələr kimi gözlərinin önündən keçərək, onları gecənin yarısına qədər əyləndirdi.

 

 

– Cəbhə yarılmış!

– Almanlar gəlir!

– Düşmənin süvarisini yaxın kənddə görmüşlər!

– Axırımızdır!.. - deyə ətrafdan səslər eşidilir.

Həyəcan bütün xalqı şaşırmışdı. Rüstəmbəy küçəyə çıxdı. Rəngləri üzlərindən götürülmüş adamların hərəsi bir tərəfə qaçırdı; küçəni başa çıxıb, şəhərin ortasından keçən şose yola yaxınlaşdı... Burada gördükləri təsəvvürün fövqündə idi: avtomobillər, adi arabalar, batareyalar, zirehli avtolar, süvarilər, əlvan alaylara mənsub əlitüfəngli və tüfəngsiz soldatlar, inəklər, atlar... bir-birinə qarışaraq sürətlə çəkilirdi. Cəbhə başdan-başa çözülüb Rusiyaya doğru axırdı. Səsdən və taqqıltıdan qulaq tutulurdu. Hər kəs bir-birini əzib, ön tərəfə keçmək istəyirdi. Avtomobillər xırda arabalara toxunub aşırır; adamlar tapdalanır; hərbilər zemstvo karvanını yarıb atlamağa calışır... Bəzən dəhşətli qovğalar olur, başlar yarılır. Qüvvətlilər basıb keçir, zəiflər arxada qalır. Şose yolu daşqın çay şəkli almışdı...

 

Rüstəmbəy geri döndü. Yolda onu addım başına bir zemstvo əməkdaşı durdurub: "Bizim halımıza qalan varmı?" - deyə soruşurdu. Qadınlar göz yaşı tökürdülər. Rüstəmbəy təsəlli verə-verə baş idarəyə gəldi. Haman, ictimai təşkilatların komitəsinin fövqəladə iclası çağırıldı. Beş dəqiqə sonra üzvlər hazır oldular. Vəziyyət aydındı - çox danışılmadı: bütün fıkirlər Buçaçı tərk etmək ətrafında toplandı. Rüstəmbəy söz istədi:

– Yoldaşlar, bütün ictimai təşkilatları və onların əməkdaşlarını qurtarmaq üçün bir adama fövqəladə səlahıyyət verməliyik və onun bütün əmrlərinə tabe olmalıyıq. - dedi.

Hər kəs bu fikri təsvib etdi, yalnız bir qız etiraz edərək:

– Yoldaşlar, - dedi, - inqilabın bizə verdiyi ən böyük feyz məsələnin müştərəkən həll edilməsidir. Bu haqdan bizi məhrummu etmək istəyirsiniz.

Rüstəmbəy sinirləndi:

– Yoldaş, - dedi, - düşmən bizi qoyun sürüsü kimi qarşısına qatdığı bir zamanda məsələ, özü də həyat məsələsi, müştərəkən həll edilməz.

Can qorxusu o qədər qüvvətli idi ki, qızın təklifi tərəfdar bulamadı.

– Namizəd göstərin, - deyə eşidilən kəsə cavab olaraq məclis Rüstəmbəyi irəli çəkdi.

Katib titrək əli ilə qərarı yazdı, imzalar atılıb Rüstəmbəyə verildi.

 

 

Rüstəmbəy bir dəqiqə qaib etmədən yüngül bir qazalağa minib, ərkani-hərb idarəsinə sürdü. Zemstvo təşkilatları hərbi cəhətcə baş mühəndisə tabe idi. Rüstəmbəy bağçaya nazir terrasda baş mühəndisə rast gəldi. Yaxından tanış olduğu bu adam həmişəkinə heç bənzəmirdi: bənizi qaçmış, huşsuz və özünü itirmiş bir halda idi. Rüstəmbəyin salamına belə cavab vermədi.

Rüstəmbəy:

– Vəziyyəti aydın təsəvvür edə bilmirik, - dedi. - Məsləhət görürsünüzsə şəhəri tərk edək.

Mühəndis onun sözlərini eşitmirmiş kimi, donuq bir halda üzünə baxıb, cavab vermirdi. Rüstəmbəy təkrar ricada bulundu. Bir neçə saniyəlik sükutdan sonra mühəndisin rəngsiz dodaqları qımıldanmağa başladı:

– Telefonu kəsmişlər, rabitəmiz qalmamışdır. Cəbhənin nərədə yarıldığını bilmirik... İstərsiniz çəkilin... Köçün! - deyə zəif səslə əlavə edib, Rüstəmbəyə əl vermədən ayrılıb getdi.

Rüstəmbəy qazalağı sabiq idarəsinə sörüb, Vanya ilə görüşdü:

– Vanya, - dedi, - bir saata hazırlan. Anbardan ləzgiləri çağır. Girəvənə gecən arabaları, atları səfərbərliyə al. On beş günlük məkulat götür. İdarənin qarşısında hazır olun, gəlirəm.

Rüstəmbəy zemstvo xəstəxanasına gəldi. Xəstələr həyəcan içində idi. Qısa olaraq xəstələrə:

– Sabah günəş doğmadan sizi şəhərdən çıxaracağam. Buna əmin olun! Qorxu və həyəcana lüzum yoxdur, - dedi. Rüstəmbəyin mətin və səmimi sözləri hər kəsdə ümid canlandırdı; üzlər güldü, ürəklərdə ona qarşı minnətdari hisslər nəşət etməyə başladı.

Rüstəmbəy xəstəxana küçəsində bir tövləyə təsadüf etdi. Qazalağı saxlayıb, içəri girdi. Axura on dənə at bağlanmışdı. Həyətdə bir neçə araba və fayton vardı. Hansı təşkilatın olduğunu sormadan araba və faytonların qoşulmasını əmr etdi.

Bir neçə dəqiqədən sonra, Rüstəmbəyin qazalağı başda olaraq, müfrizə idarəsinin qarşısına bir araba qafiləsi gəldi...

Vanya Rüstəmbəyin əmrlərini yerinə yetirmək üçün bütün adamlarını səfərbərlik halına gətirmişdi. İşləri təcili olaraq, bitirdikdən sonra yemək yeyib, məsləhətə oturdular. Əvvəlcə iki verstlik xəritəni qarşılarına qoyub, geri çəkiləcək yolu təyin etdilər. Zemstvo karvanının, bilxassə çəlimsiz arabaların şosedəki şiddətli axına davam gətirə bilməyəcəyini nəzərə alaraq, şərqə deyil, cənuba - Kamenets-Podolskiyə tərəf çəkilməyi məsləhət gördülər. Cəbhənin Ternopol cəhətində yarılması ehtimal edilərək, cənubun təhlükəsiz olduğu nəzərə alındı. Ümumi çaxnaşıqda bu yol qaçanların nəzərini cəlb etmirdi. Bura ilə çəkilmək tələsməmək imkanı verirdi. Bunun da çəkilənlər üçün əhəmiyyəti böyükdü: arabalar xarab olduqda qolayca təmir edilə bilərdi.

Bunu qərara alıb, çəkiləcək adamların sayı və on beş günlük məkulatı, minilən və yüklənilən arabaların miqdarı hesablandı. Vəzifələr bölündü. Bölüklər bir yerə toplanıb, arabalar yüklənməyə başlandı. Xəstəxanaya, idarələrə arabalar gondərildi. Ləzgilər başda olaraq, kiçik bir süvari dəstəsi təşkil olunub silahlanırdı. Rüstəmbəy Məhəmmədi yanına çağırıb dedi.

– Məhəmməd, süvariləri al da şose yola get, zemstvo arabalarından az minikli və boşuna rast gəlsəniz, yoldan çevirib tövləmizə göndərin. Miniklərinə də buranı göstərin. Bildinmi?

– Bildim, ağa!

– Bəzən bir adam yekə arabanı məşğul edib qaçır, halbuki biz adamlarımızı doldurmağa araba tapmırıq, bildinmi? Miniyi çox arabaya dəyməyin.

– Bildim, ağa. Daha əmrin yoxdur ki? - deyə Məhəmməd təzim etdi.

– Yoxdur. Gedin, amma gecə saat beşə qədər yolu güdməlisiniz.

– Baş üstə, ağa, - deyə Məhəmməd getdi.

 

 

Rüstəmbəy paltarını çıxarmayaraq, quru səfər çarpayısının üzərində uzandı və sabaha qədər gözlərinə yuxu gəlmədi. Yayın gözəl gecələrindəndi. Hava sərin və sakitdi.. Yalnız şosedəki axın gurultusu təbiətin sükununa dəhşətlər saçırdı. Arabir idarənin önündən də arabaların və adamların keçməsi eşidilirdi. Bir-iki dəfə idarə pilləkəni ilə çıxıldığı da duyuldu.

Atışma səsi hələ eşidilmirdi. Yalnız göyün şimal-qərb tərəfındə tez-tez qızartı parlayıb qaib olurdu.

Saat dörddə Rüstəmbəy yataqdan qalxdı və koridora yuyunmağa çıxdıqda Voronovu orada hazır gördü. Voronovun təziminə cavab olaraq:

– Voronov, - dedi, - alman gəlir, qorxmursanmı?

– Heç də yox, əfəndim həzrətləri, - deyə uzunboğaz çəkmələrinin dabanlarını bir-birinə çırpdı.

Səsə Nataşa da qalxdı. Dolğun ağ qollarını başının arxa tərəfınə söykəyərək, döşlərini qabartdı və nümayişkar bir halda gərnəşdi. Rüstəmbəy üzünü cəld yuyub:

– Voronov, tövləyə get, söylə hazır olsunlar. Nataşa, südlə çörək! -deyə əmr verdi.

Bir neçə dəqiqə sonra Rüstəmbəy Vanya və başqa əməkdaşlarla yemək otağına girdikdə, orada baş örtüləri qırmızı xaçlı iki qıza rast gəldi. Bunlar gecə yoldan qayıdanlardan imiş, tanış oldular. Qızların biri uzunboylu, qara kirpikli, buğdayı sifət; o biri isə ortaboylu, dolgun vücud, sarışındı. İki qızın bir-biri ilə danışığından ucaboylunun adı Musya olduğu bəlli oldu. Nədənsə bu ad Rüstəmbəyə çox xoş gəldi.

Nataşa yemək verdi. Hər kəs iştaha ilə yeyərkən qızlar çəkinirdi. Rüstəmbəy yağ və çörək götürüb, onlara təklif etdi və Musyaya ayrıca bir iltifat göstərməsi hər kəsin nəzərini cəlb etdi.

Rüstəmbəyin nəzakətinə qarşı Musyanın çöhrəsi parladı, gözlərində bir təbəssüm oyandı və çox çəkmədən yenə şux baxışı hüzn dumanlarına daldı. Rüstəmbəy gözlərinin altınca onu süzdü - yemək boğazından getmirdi, ətrafdan eşidilən hər bir səs və sədaya qarşı diksinib, gözləri yaşarırdı.

Yemək bitdi. Oturanlar ayağa qalxdılar. Əvvəlcə gedən Vanya dönüb karvanın hazır olduğunu söylədi. Rüstəmbəy cəld pilləkəndən enib, qazalağına mindi. Küçə başına qədər düzülmüş yüklü və minikli arabaları dolaşdı. Xəstələri bir-bir yoxladı. Hamı sevinc içində idi. Yerləri rahat olmayanları başqa arabalarda yerləşdirib, ön tərəfə keçdi. Süvarilər şoseyə yaxın durmuşdular.

– Məhəmməd, - deyə ləzgiyə müraciət etdi, - məni gözlə. Siz yolun sol tərəfindəki axını bir dəqiqəliyə dayandırarsınız, bizim karvan yola qoşulmaq imkanı bular.

– Baş üstə, ağa. Daha başqa əmrin varmı?

– Yox!

Rüstəmbəy təkrar geri döndü. Arabaların bir-birindən ayrılmamasını şiddətlə əmr etdi.

İdarədəkilərin hamısı küçə qapısında idi, bölük müdirləri də hazırdı. Zina həmişəki kimi şəndi. Bu təhlükələr ona dadlı bir macəra kimi görünürdü. Tez-tez Vanyanın qolundan dartıb, gülməli bir şeylər anladırdı. Musyanın gözlərində yuvarlanan yaşlar dan yerinin qızartısını əks etdirərək, gözəl üzünə lətif məsumiyyət bəxş etmişdi. Rüstəmbəy ona yanaşdı:

– Nə üçün qorxursunuz? Şayiələr tamamilə yalandır, alman süvarisi, görünür, hələ uzaqdadır. Yaxın olsa idi, dünəndən bəri buraya gəlmişdi. Əmin olunuz, sizi sağ-salamat Rusiya torpağına çıxaracağam.

Rüstəmbəyin mətin sözləri Musyanı sakit etdi.

– Bəs nə üçün ləngiyirsiniz? - deyə ərklə sordu.

– Bu saat yola düşürük. Buyurun mənim yanımda oturun. Musya məmnuniyyətlə razı oldu. Rüstəmbəy onun qayış gödəkçəsinin qoluna girib, qazalağına oturtdu. Özü də Musya ilə yan-yana oturaraq:

– Vanya, xanımları brekınə mindir, vaxtdır! - dedi. Rüstəmbəyin qazalağı ilə brek ön tərəfə keçdi. Arabaların tərpənməsinə əmr verildi. Süvarilər axını yararaq, yolun ortasına yeridilər. Bağırtı, təhdid və söyüşlə axının bir tərəfini dayandırdılar. Rüstəmbəy qazalaqda ayaq üstə durub, arxaya xəşin baxışlar göndərərək, şoseyə girə bildi. Yüzdən artıq arabadan mütəşəkkil zemstvo karvanı fövqəladə sürətlə Rüstəmbəyin arxasınca gedərək ümum axına qoşuldu.

 

Təqribən üç-dörd verstlik bir məsafədən sonra şoseni tərk edib, sağ tərəfə çönməli idi. Şəhər dairəsi bitib kəndlər başlayırdı. Şosenin o tay-bu tayındakı xəndəklər at cəsədləri və sınıb düşmüş arabalarla dolu idi. Rüstəmbəy Məhəmmədi çağırıb, yolun sağ tərəfindəki axına mane olmasını əmr etdi. Süvarilər yavaş-yavaş hücuma başladılar. Yenə söyüş, təhdid və qamçı qüvvəsi ilə yolun sağ tərəfi addım-addım istila olunmağa başladı. Karvan böyük çətinliklə məqsədinə çatdı. Artıq məsələ bitmiş hesab edilə bilərdi. Cənub yolu başlar-başlamaz karvan asanlıqla sağa dönüb, axından qurtardı. Bu yol tamamilə boşdu. Hər kəs Rusiyaya doğru gedən ən yaxın şərq yolunu təqib edirdi.

Asudəliyə çıxaraq, Rüstəmbəy qazalağının sürətini azaltdı və xoş bir təbəssümlə Musyaya baxıb:

– Musya, - dedi, - çətinlik bitdi; indi heç bir qorxu yoxdur. Yollar olduqca gözəldir, səfalı yerlərdə düşərgə qayırıb istirahət edəcəyik.

Musya Rüstəmbəyin sözlərindən son dərəcə məmnun olaraq gülümsədi və sağ yanağında lətif çökək zühur etdi.

Bir də, son araba karvandan qırılıb geridə qalmış - deyə xəbər gəldi. Rüstəmbəy, Vanya, Boris və bir neçə işçi piyada olaraq, xəndəklə yuxarı diklənməyə başladılar. Arabaya toxunulub, bir təkəri xəndəyə düşmüşdü. Boris üst tərəfə keçib yolla gələnləri qamçı ilə durdurmağa çalışdı. Şoseyə çaxnaşıq düşdü. Bir soldat arabasının qəflətən dayanması qəzaya səbəb oldu, arxadakı avtobus arabaya çarpıb onu xəndəyə sürüklədi. Boris özünü xəndəyin o biri tərəfmdəki bostana atıb canını qurtardı. Bununla məsələ bitmədi, avtobus inersiyaya tabe olaraq, bir təkəri xəndəkdə olan arabanı da aşırdı. Atlar yıxılıb çapalamağa başladı. Hər tərəfdən söyüş və bağırtı qopdu. Vanya ilə Boris köməyə qoşdu. Arxadan Rüstəmbəy gəldi. Cəld atları açıb, bostana keçirdilər. İşçilər qənd və un kisələrini daşımağa başladılar. Nəhayət, oxu sınmış arabanı da böyük zəhmətlə sağ yola çıxara bildilər.

Bu hadisə qadınlar üçün bir əyləncə oldu: hamı iki yolun ayrıcına toplanıb uzaqdan seyr edirdi. İşlərini müvəffəqiyyətlə bitirib geri dönən kişiləri qəhrəmanları qarşılayan kimi qarşıladılar. Rüstəmbəy Musyanın qoluna girib qazalağa mindi. Oxu sınmış arabanı və atları arxa tərəfə bağlayıb, yola düşdülər.

Günəş qalxmış, isti can sıxırdı. Karvan yavaş-yavaş yürüyürdü. Borislə Vanya Rüstəmbəyin qazalağı ilə yan-yana gedərək, söhbət edirdilər.

Vanya deyirdi:

– Tələsik çəkildik, çox şeylərimiz anbarda qaldı. Yaxındakı kənddə axşamlayıb, yükümüzü yenidən yoxlasaq fəna olmaz.

– Almanların yaxında olması da mübaliğəli imiş, - deyə Boris əlavə etdi.

Rüstəmbəy:

– Sınan arabanın yüklərini o birilərə yığdıq, onlar da sına bilər, arabanı da təmir etməlidir.

– Arabanın birini boşaldıb, anbarda qalan qənd və undan gətirməlidir. Niyə batsın...

Mülahizələr yürüdülərkən kənd də görünməyə başladı.

Kənddən yalnız bağçalı bir ev qalmışdı; yerdə qalanı uçub dağılmışdı. Burada qoca bir polyak ailəsi yaşayırdı. Bir qoca kisi və iki yaşlı qadından ibarətdi. Müharibə başlar-başlamaz bunlar gənc övladlarını Avstriyanın içəri cəhətlərinə göndərmişdilər. Vaxtilə müəllimlik edərmişlər, indi artıq üç-dörd ildən bəri evə gözətçilikdən başqa sənətləri yoxmuş. Otaqların birində özləri qalıb, yerdə qalanı ötüb keçən hərbilərin mənzili olur. Vaxtilə gözəl olan bu ev indi olduqca dağılmış, heç bir təmir də görməmişdi. Bağça da xaraba halda idi.

Karvan evin qarşısında dayandı. Borisi ev sahibinin yanına göndərdilər. Bir az keçməmiş Boris gülə-gülə evdən qayıtdı:

– Gəlin! - deyə yoldaşlarını çağırdı.

Borisin arxasınca ev sahibi də çıxdı. Başının seyrək tükləri səliqə ılə daranmış, ağ bığları burulub, ucları yuxarı qaldırılmışdı; üzü yenicə qırxılmışdı və qulaqlarında pudra izləri görünürdü. Əynindəki köhnə ağ şalvardan, mod boyunbağıdan vaxtilə səliqə ilə geyinməsi duyulurdu. Nəzakətlə qonaqlara təzim etdi və polyak şivəsi ilə:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 255; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.049 сек.