Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 1 страница




I

Электронные материалы

Сравнительно-исторический анализ

МИРОВЫЕ ВОЙНЫИ ИХ ПОСЛЕДСТВИЯ

  Первая мировая война Вторая мировая война Холодная война Разрядка и перезагрузка
Дата        
Причины        
Участники        
Их цели        
Основные события        
Результаты        
Последствия          

 


ИСТОЧНИКИ:

Учебники:

Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.

Bələdiyyə idarəsinin arxasında xırda bir oteldə yerləşib, yaxın qəhvəxanalardan birinə getdi. Burası adamla dolu idi - masaların ətrafinda oturanlardan başqa, bir çoxu ayaq üstə duraraq bərkdən danışırdı; mövzuları həp ticarətdən idi şəkər, un, sabun, gön sözləri tez-tez təkrar olunurdu. Qəhvəxana adətən bir bursa şəkli almışdı.

Rüstəmbəy qəhvəxananın tüstülü havasından dilgir olaraq, gəldiyinə də peşman oldu. Lakin geri dönməyə də ərindi, bir masanın kənarında duraraq, südlü qəhvə ismarladı. Qarson ancaq beş dəqiqədən sonra gətirə bildi. Rüstəmbəy cəld içib çıxdı.

Hava gözəldi; kəstanə çiçəklərinin qoxusu insanı məst edirdi. Cəbhədən xilas olmuş Rüstəmbəy asudəliyini duyaraq sevinir, eyni zamanda da nərəyə gedəcəyini, nə cür vaxt keçirəcəyini də bilmirdi.

Kreşşalikə çatdı. Nəzərini ilk cəlb edən Stolıpinin abidəsi oldu: sabiq baş nazirin heykəlini qaldırıb, pyedestalın yanına yıxmışdılar. "Sizə böyük sarsıntılar lazım, bizə böyük Rusiya lazımdır", - deyə yazılan sözlər hələ pyedestaldan silinməmişdi. Abidənin ətrafına beş-on adam toplanıb, abidə pilləkənlərinin yuxarısında duran və şapkasının kokardını qırmızı şilə ilə örtən bir zabitin nitqini dinləyirdi. Rüstəmbəy də maraqlandı - abidəyə yaxınlaşıb, qulaq asdı. Zabit məzuniyyətdən dönüb cəbhəyə gedirmiş, inqilab ordusuna fədakarlıqla xidmət edəcəyini vəd edirdi.

Rüstəmbəy gülümsünərək, abidədən uzaqlaşdı. Mağazaların ağzında qutular qoyulmuş və üzərində: "Qəzetəni oxuduqdan sonra buraya salın, qəhrəman ordumuza lazımdır", - deyə yazılmışdı.

Bütün gördükləri Rüstəmbəy üçün yeni idi - şəhərdən çoxdan çıxmışdı. İki il əvvəl olduğu kimi, hər yer hərbi əlbəsəli adamlarla dolu idi; sivil libasa az təsadüf olunurdu. Gözəl geyimli qadınların sayı bəlkə bir az da artmışdı. İqtisadi böhrana baxmayaraq, həyat coşub-daşmada idi.

Rüstəmbəy Nikolay küçəsinə çatdı, dayandı. Buradakı meyvə mağazası sahibi İmranı xatırladı. Türk tələbələrinin həmişə İmranın mağazasına toplandığını bilirdi. Nikolay küçəsinə dönüb, dördüncü nömrəli mağazaya girdi. Onu ucaboylu, qırmızıyanaq, başının yanları ağarmış bir gənc gülə-gülə qarşıladı:

– Ya Allah, Rüstəmbəy! - deyə əlini sıxdı.

– Ya Allah! Sağlıq-salamatlıqdırmı?

– Niyə.

– İşlərin necədir?

– Yaxşıdır. Sən necəsən, büsbütün gəldinmi?

– Yox, yenə gedəcəyəm. İmran gulər üzlə sandalya verib, Rüstəmbəyin oturmasını rica etdi. Rüstəmbəy oturdu. Bu əsnada mağazaya bir xanımla bir kişi girdi. İmran Rüstəmbəyi tərk edib müştəriləri nəzakətlə qarşıladı. Rüstəmbəy yerindən qalxdı:

– Səftər içəridədirmi? - deyə sordu.

İmran diqqətini müştəridən ayırmayaraq başını tərpətdi. Rüstəmbəy xırda qapıdan mağazanın arxa tərəfinə keçdi. Kirli bir koridorun sol tərəfindəki qapını tıqqıldatdı. İçəridən rusca:

– Kimdir? - deyə səs gəldi.

Rüstəmbəy içəri girdi, yarımişıq, kirli, rütubət qoxulu bir otaqda paslı çarpayıdan bir gənc qalxdı. Rüstəmbəyi görcək iri burnu üzünə yayıldı. Çapıq kimi yanaqlarını parçalayan iki qırış bir az da dərinləşdi və tənəli qaşları yuxarı qalxaraq:

– Pah, balam zemqusar oldun getdin ki!.. - dedi və bir neçə saniyəlik fasilədən sonra: - kasıb adamıq, yatırıq... bu saat durum, - dedi.

Səftər qaşlarını hələ təbii yerinə endirməyib, solğun yorğanını atıb, ayaqlarını çarpayıdan aşağı salladı. Paltarını geyinərək:

– Balam, oralar necədir? - dedi, - bura qarış-bulaşdır... Cuhudlar bütün malları gizlədirlər; gümüş pul yox oldu... heç bir şey tapılmır.

Rüstəmbəy:

– Bizdə bolluqdur, - dedi.

– Yəqin qənd gətirmisən, çayı da yalnız içirsən, - son sözləri deyərkən, Səftərin yenicə normal şəkil almış qaşları yenə də yuxarı doğru çəkildi. Üzündə həsəd əlamətləri görülməyə başladı.

– Bir şey gətirməmişəm, - deyə Rüstəmbəy Səftərin qələyana gəlmiş ruhunu təskin etdi.

Səftər geyindi, koridora çıxdı. Bir az sonra üzünü yuduğu divardan asma yuyuncağın cingiltisindən bəlli oldu.

Rüstəmbəy gözlərini gəzdirərək otağa tamaşa edirdi hər yer kir və toz içində idi; öldürülmüş taxtabitilərin qanı solğun şpaleri ləkələmişdi; künclərdəki qurumlardan milçək ölüləri asılmışdı... Bura tam bir "musurman" mənzili idi.

 

 

Səftər Veylabad tacirlərindən Bikef İbadın oğlu idi. Bikef İbad şəhərdə xeyrə-şərə yaramayan, fərdi həyat sürən bir adamdı. Onun nə evdə, nə də dışarıda şad bir halını görən olmamışdı; gülmək məfhumu ona yabançı idi. Az danışar və yavaş danışar. Verilən salama belə yalnız dodaqlarının tərpənməsi ilə cavab verərdi. Ticarət üsulu da tühaf idi - kimsə ilə şərik olmanı sevməz, bankla əlaqədə bulunmaz və varidatını da özündən başqa kimsə bilməzdi. Arvadı və uşaqları belə onun işlərindən xəbərsizdi. Səftəri gimnaziyaya vermişdi, ondan heç bir şey əsirgəmirdi, lakin ticarətin sirlərinə vaqif etməkdən çəkinirdi.

Bir gün Bikef İbad iflas etdi. Borcluların əlindən şəhəri tərk etmək məcburiyyətində bulundu. Xokənddən xəbəri gəldi. Orada bir rus qadını ilə evləndiyi duyuldu. Veylabaddakı ailəsi başsız qaldı. Onlara məktub belə yazmamağa başladı.

Səftər gimnaziyanı bitirib. Kiyevə gəldi və əqrabalıq həsəbilə İmranın mağazasının arxasında yerləşdi. Bu dar otaqda Səftər, mağaza qarsonu və İmran dörd il bir yerdə yaşamışdılar. Əvvəllər çarpayıda İmran, pəncərənin önündəki batıq taxtda Səftər və döşəmənin üzərində də qarson yatardı. Bir il əvvəl İmran başqa bir mənzil tapıb çıxmış və çarpayı Səftərə qalmışdı...

Səftər üzünün suyu süzələnərək içəri girdi və çarpayının başına atılmış kirli havlını götürüb qurulandı.

– Balam, heç nişandan-zaddan almısanmı? - deyə qəhqəhə ilə güldü, - doktor Vəlibəy cəbhədən bir "Stanislav" gətirib lap döşünün ortasında gəzdirirdi. Ha-ha-ha!.. Heç onu gəzdirməzlər ey!.. Onu biz görmüşük paradda-zadda taxarlar; bu həmişə döşünə taxırdı. İnqilabdan sonra gizlədi. İndi onun yerində bax, bu yekəlikdə (iki baş barmağı ilə şəhadət barmaqlarını uc-uca qoyaraq, bir dairə təşkil edib qaşlarını qaldırdı) bir qırmızı bant taxır.

Rüstəmbəy:

– Vəlibəy buradadırmı? - deyə cəld soruşdu.

– Buradadır, buradadır. Sabah iclas olacaq, görərsən.

– Harada?

– Qulamrzagildə.

– Xəlil bəs harada olur?

– Yenə gördüyün yerdə.

– Bəs qurtarmır?

– Qurtarır... ya da qurtarmış - bilmirəm. İmranın içəri girməsi söhbəti kəsdi:

– Ay Səftər, samovar gətir, Rüstəmbəyə çay ver.

İmranın sözlərinə cavab olaraq Səftər koridora çıxdı, samovarı püflədiyi eşidildi.

Çox çəkmədi içəri çirkdən göyərmiş yanı batıq bir samovar gəldi. İmran komodun qutusundan bir az çörək və çatlaq boşqabda bir az saralmış pendir çıxarıb masanın üstünə qoydu.

Səftər çay tökdü. Masanın ətrafına yığıldılar. İmran çıxıb mağazadakı qarsona bir şeylər tapşırıb, yenə döndü.

Çay əsnasında Rüstəmbəy tələbələri birbəbir soruşdu. Mir Cəfərin də burada olduğunu öyrəndi. Bütün mitinqlərdə nitq söylədiyini dedilər. Bir həftə əvvəl Çingiz Fatma xanımla Qafqaza getmişmiş...

Qapı cırıltı ilə açıldı. İçəri didik bığlı, sallaq dodaqlı, əyribel bir adam girdi. Əynində boğazınadək düyməli, uzunqol bir geyməsi, uzun çəkməsinin üstünə qırış-qırış toplanmış bir şalvarı vardı; çəkməsi, görünür, aylardan bəri silinməmişdi; dörd-beş gündən bəri qırxılmamış üzündən kəsalət yağırdı. Döşündə darülfunun nişanı vardı. Rüstəmbəyi görcək iri ağzını açıb, kirli dişlərini göstərərək:

– Xoş gəlmisən, - dedi və iri, qəssab əlinə bənzər əlini uzatdı.

Rüstəmbəy yerindən qalxmayaraq:

– Ya Allah, Cabbar, sən də buradasan?

– Buradayam.

– Nə qayırırsan?

– Qulluq edirəm.

İmran Cabbarın başına qapaz salıb, Rüstəmbəyə tərəf yönəldi:

– Bunun qulluğu adam dolaşdırmaq, şərirlikdir...

Səftər İmranın sözlərini kəsərək:

– Özü də Qulu ilə bərk dostdur.

Rüstəmbəy:

– Onda, Cabbar, "elmi-şuma məlum şud" dedi. İndiyə qədər mehriban görünən Cabbar birdən dilgir oldu:

– Bəsdir; paxırınızı açaram, - dedi və hirsindən gözlərinin çanağı genəlməyə başladı. İmran qəhqəhə ilə onun döşündən itələdi:

– Nə paxır açacaqsan, oğraş? - dedi. - Özün başdan-ayağa paxır deyilsənmi?

Cabbar daha da hiddətləndi:

– Ağzımı açdırmayın, - dedi və dönüb qapıdan çıxdı. İmran qəh-qəhəsində davam edirdi.

– Elə bilirsiniz köpək oğlu küsdü - yox; özünü yeməyə yetirəcək. Peşəsi orada-burada sülənməkdir. O günü bir kağız yazıb ki, mənə əlli manat göndərməsən özümü öldürəcəyəm. Mən də yazdım ki, cəhənnəmə, gora öldür.

Səftər yenə qaşlarını qaldırdı:

– Sən öl, lap adımızı batırıbdır. Anası Suyuyumşaq Ballı Veylabadda məşhur olan kimi, bu da burada məşhurdur. Rüstəmbəy başını bulayaraq dərin düşüncələrə daldı.

 

 

Axşam Rüstəmbəy Xəlilin görüşünə getdi.

Xəlil təhsilini qurtarıb vətənə dönmədən əvvəl bir-iki aylıq vaxtını kefə həsr etməyi qət etmişdi. Rüstəmbəy Xəlilin yanında ortaboy, çəlimsiz və tühaf bir qız gördü. Xəlil gülümsünərək:

– Tanış ol, bizim müvəqqəti ev adamı, - deyə qızı təqdim etdi.

Rüstəmbəy zarafatla:

– Bu neçənci "müvəqqəti ev adamıdır?" - deyə sordu.

– Ey... Çox. Allah Rusiyaya bərəkət versin; bolluqdur! - dedi və sonra qıza müraciət edərək:

– Tanya, tapşır samovar versinlər, - deyə əlavə etdi. Tanya qucağındakı qutunu pəncərənin içınə qoyub, kimsənin üzünə baxmayaraq, otaqdan çıxdı. Rüstəmbəy onu başdan-ayağa süzdü və birdən:

– Xəlil, deyəsən boynu doludur, - dedi.

Xəlil iftixarla:

– Bəs nə, dörd aylıq uşağı var.

– Bəs necə olacaq?

– Hamınınkı kimi.

İkisi də güldü. Sonra Xəlil papiros yandırıb, ayağını ayağının üstünə qoydu;

– Bizdə olsa, qızı da oldürərlər, məni də. Halbuki, rus zehniyyəti, büsbütün başqadır: qız hər kişidən bir övlad qazansa da hərəkəti məqbuldur. Fərəməzin üç qızdan üç uşağı olduğunu bilirsən. Uşaqlar durur və analarının ailəsində bəslənir..."Namus"deyilən məna ruslara yabançıdır.

Xəlilin son sözləri Rüstəmbəy üçün böyük bir mövzu idi. Mülahizə yürütməyə həvəsləndi;

– Məncə, - dedi, - ruslar haqlıdır, nəfsə sədd çəkmək boş işdir. Bu sami zehniyyəti islamiyyətlə bərabər gəlib, bizi boğur. Burada xüsusi mülkiyyət məsələsi xüsusi rol oynayır.

– Əlbəttə, əlbəttə, əlbəttə, - deyə Xəlil Rüstəmbəyin fikrini təsvib etdi. - Sosializm əmlak xüsusiyyəti ilə bərabər, '"namus" sədlərini də uçuracaq.

Xəlil sözlərini bitirib düşündü, fikirli gözləri oynamağa başladı, sanki bir sözlər söyləmək istəyirdi; bir də ciddi bir səslə:

– Rüstəmbəy - dedi, - tühaf adamsan...

– Necə?

– Sənin bütün fıkrin və fəaliyyətin bizə yaxındır; nə üçün sosialist firqəsinə girmirsən?

Rüstəmbəy cavab vermədən əvvəl bir az düşündü və samovar gətirən qızla bərabər içəri girən Tanyanı süzərək:

– Bilirsən, Xəlil, sosialistlərin hər şeyini qəbul edirəm; milli məsələdə yolumuz ayrılır.

– Nə üçün?

– Beynəlmiləl ola bilmirəm. Öldür, ola bilmirəm.

– Nə üçün, biz milli məsələni inkar etmirik ki...

Rüstəmbəy gülərək:

– Təbliğata lüzum yoxdur, məni qane edə bilməzsən. Proqramınızı dəfələrlə oxumuşam, ağlıma batmadı... - Rüstəmbəy bir az duruxdu, sonra: - sənin sosialist olduğunu bilirdim; Bakıda ikən Vəlibəy, sən işləyirdiniz. Ancaq mən sizi mübariz sosialistlərdən hesab etmirdim... Siz "məkruh" sosialistsiniz, ha-ha-ha!..

Xəlil "məkruh" sözünü anlamadı. Rüstəmbəy izah etdi:

– Şərən qoyun əti yeyilər, it əti yeyilməz, amma dovsan əti yeyilər də, yeyilməz də - ''məkruhdur".

Türkcə savadsız, türklük və islamiyyətə yabançı olan Xəlil indiyə qədər eşitmədiyi "məkruh" məsələlərindən çox xoşlandı və güldü.

Tatyana çay masasını düzəltdi. Rüstəmbəyə çay təklif etdi. Tatyananın xatirəsi üçün indiyə qədər yarı rus, yarı türkcə danışmaq tamamilə ruscaya çevrildi. Rüstəmbəy şəkər əvəzinə masaya qoyulan konfetə baxaraq:

– Siz burada şəkər tapmırsınız, biz də, cəbhədə şəkəri qoymağa yer tapmırıq.

Tatyana Rüstəmbəyə cavab vermədi, Tərki-dünya kimi, heç bir şeylə əlaqədar deyil kimi görünürdü. Çay da içmədi, yenə qutusunu pəncərədən götürüb qucağına aldı.

Xəlil təkrar əvvəlki mövzuya döndü:

– İndi firqəyə mənsub olmaq zəmanənin birinci tələbatındandır. Mən əvvəl... necə dedin?

– Məkruh.

– Məkruh sosialist idim. İndi təşkilata gedib-gəlirəm; çıxışda bulunuram. Bu lazımdır, sən də bir fırqəyə mənsub olmalısan; bax da, məsləkinə görə bir firqə seç; çünki zemlyaçestvo dövrü artıq keçdi.

Rüstəmbəy çay istəkanını nəlbəkidə fırlayaraq:

– Hələ dincəlirəm; yorğunam. Cəbhə ilə vidalaşıb buraya dönəcəyəm... sonra... baxalım - dedi və birdən səsini yüksəldib, - hə sabah iclas varmış, nə münasıbətlədir?

– Eyni məsələdir: "Hali-hazır və biz" mövzusu ətrafinda danışılacaq. Sonra, yəqin münaqişə olacaq. Mən menşevik platformasını müdafiə edəcəyəm; Mir Cəfər eserlərlə çalışır; Vəlibəy vaxtilə Bakıda işləmişsə də indi heç bir təşkilata yanaşmır. İnqilaba tərəfdardır Ancaq kimlə gedəcəyi bəlli deyil.

– İclas harada olacaq?

– Qulamrzagildə.

– Hə, Qulamrza yenə o arvadı saxlayırmı?

– Yox, boşadı. İndi evlidir.

– Nişanlısını gətirdi?

– Hə.

– Oxudurmu?

– Özü dərs deyir.

– Sizlərlə görüşdürürmü?

– Görüşürük. Əvvəl arvadı utanırdı, indi yavaş-yavaş məclisə alışır. Buraya çarsabla gəlmişdi. Ancaq başımıza senzor kəsilmişdir - yanında hər şey danışa bilmirik.

– Qulamrza yenə cahıllıq edirmi?

– Əşi, edirik.

– Bəs arvad?

– Əşi, arvadı aldatmağa nə var. Qulamrza dərs verir, deyir: buradan buraya qədər əzbərlə, gəlirəm. O əzbərləyir, biz də gəzirik.

Rüstəmbəy bu "üsuldan" xoşlandı:

– Yaman adamsınız, - dedi və qolundakı saata baxıb, ayağa qalxdı:

– Sabah gəlim, iclasa bir yerdə gedək, - dedi. Xəlil razı oldu.

– Yaxşı, - dedi, - qızı yola salım da, gedərik.

– Hara salacaqsan ki?

– Nə bilim, kənddə olur, vağzala aparıram... nə yerini söylər, nə qutusundakını. Bütün əmlakı qucağındakı qutudan ibarətdir. İçində də (xəlvət baxmışam) bir-iki məktub, bir qutu kirşan və bir xırda güzgüdən başqa bir şey yoxdur.

– Tühaf!

 

 

Rüstəmbəy Xəlillə Qulamrzagilə gedərkən ön tərəfdən gələn tramvay nəzərini cəlb etdi: vaqonlar ağzına qədər dolu idi. Pilləkənlərdən belə əsgər libaslı adamlar sallanmışdı. Birdən bir adam pilləkəndən atılıb qaçmağa başladı. Bunu mütəaqib bir ayrısı da sıçrayıb:

– Tutun! Tutun! Pulumu apardı! - deyə bağıraraq, qoşdu.

Xalq tökülüb cibgiri əhatə etməyə başladı. Oğruya ilk yanaşan birisi ona bir şapalaq çəkdi. Bu bir siqnal oldu: hər tərəfdən cibgirə yumruq döşəndi. Rüstəmbəy bir dəqiqədə yüzlərcə adamın bir nöqtəyə toplanıb, cibgiri cəzalandırmasını görərək, qara camaatın nə böyük dəhşət təşkil etdiyini ilk dəfə olaraq duydu. Ayaqlar altında bir torba döyülmüş ət şəkli alan meyitin yerlə süründürülməsi onda ikrah edilən bir qorxu doğurdu. Həyəcan içində Xəlilin qoluna girib, sözünə davam edərək:

– Dəhşət! - dedi.

Xəlil gülə-gülə:

– Şəhərə yeni gəlməyin bəlli, biz bu mənzərəni hər gün görürük.

Uzaqda böyük bir izdiham gözlərinə çarpdı. Birisi yüksək bir yerə çıxıb qollarını ölcə-ölçə nitq söyləyirdi. Küçələrdə aşıb-daşan adamların arasından tühaf bir qorxu ilə keçib, sola dondü. Çal papaqlarına sarı-mavi lentlər yapışılmış bir Ukrayna bölüyü gəlirdi. Ön tərəfdə gedən əsgər şair Şevçenkonun uzun payaya bağlanmış rəsmini aparırdı. Həyəcanlı ağızlardan qopan milli şərqi Rüstəmbəyin bir az əvvəl keçirdiyi dəhşəti dağıtmağa başladı. Milli muxtariyyət məfkurəsi onu qaplayaraq, qanadlandırırdı.




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 280; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.008 сек.