Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 2 страница




 

 

Rüstəmbəylə Xəlil pəncərələri həyətə açılan geniş bir otağa girdikdə oradakılar onları xoş bir təbəssümlə qarşıladılar. Qulamrza:

– Pa, ya Allah! - deyə Rüstəmbəyin əlini sıxdı və üzündən öpdü. Vəlibəy də qalxıb onunla öpüşdü. Qulu da zahirən xoş, göründü. Mir Cəfər Rüstəmbəyi döşü darülfunun nişanlı şıq paltarda görüb, tühaf bir hala düşdü: dorununa çökən həsəd dalğalanaraq üzünü bulandırdı: seyrək qaşları oynadı, gözlərinə qan doldu. Tutulmuş bir halda Rüstəmbəyə əl verdi və öpüşməkdən çəkindi.

Rüstəmbəy Mir Cəfərlə bir məktəbdə oxumuş və bir sinifdə oturmuşdu. Uzun müddət dost keçinmişdilər. Ali təhsil üçün hərəsi başqa-başqa şəhərlərə getmişdi. Bir il sonra Mir Cəfər vərəm xəstəliyinə tutularaq məktəbdən ayrılmaq məcburiyyətində bulunmuşdu. İki il dərs deyərək, Krımda özünə müalicə etdirmiş, sonra təhsilin davamı üçün Kiyevə gəlmişdi. Rüstəmbəyin vaxtında qurtarıb qulluğa girməsi ondakı həsədə səbəb olmuşdu. Rüstəmbəy məsələni anladı və yoldaşının münasibətsiz hərəkətinə qarşı laqeyd davranaraq, çəkilib kənarda oturdu.

Vəlibəy özünəməxsus mehribançılıqla Rüstəmbəyə tərəf yönəlib:

– Rüstəmbəy, bizim yerlərdə nə var? - deyə sordu: - Axır mən də bir müddət oralarda oldum. Bilmirəm, xəbərin vardımı?

– Vardı. Səni Lvovda görmüşdülər.

– Heyf ki, görüşə bilmədik. Qəribə şeylərə rast gəldim. Sonra nağıl edəcəyəm...

– Hələ buradasanmı? - deyə Rüstəmbəy onun sözlərini kəsdi. Cavab olaraq, Vəlibəy yanında Rüstəmbəyə yer göstərdi. Rüstəmbəy cəld qalxıb onun yanında oturdu və yavaş səslə danışmağa başladılar. Vəlibəy cəbhə həyatından bir az nağıl edərək dedi:

– Bir neçə gündən sonra vətənə gedirəm. Sözündən-sovundan. Nə qulluğun olsa, hazıram.

– Çox sağ ol!

– Hələ ki, sağam... Sənin fikrin nədir?

Rüstəmbəy bir az düşünüb tərəddüd içində:

– Bir ay dincəlib, cəbhəyə dönəcəyəm. İşləri təhvil verməli, sonra görək nə olacaq.

Vəlibəy bir sirr kimi pıçıldadı:

– İndi Bakıda türk ziyalı qüvvələrinə çox ehtiyac var.

– Onu bilirəm. Ancaq nədənsə hələ Bakıya könlüm yatmır.

– Səbəb?

– Səbəb çoxdur. Əvvələn, ora hazır getməliyəm. İkinci. Bakı mühitində - qoçular, zorlular, "mənəm-mənəm" deyən ziyalılar arasında dolana bilərikmi?

Vəlibəy yoğun bığlarını tumarlayaraq:

– Sən də çox dərin düşünürsən, - deyə qırıq-qırıq gülməyə başladı.

Rüstəmbəy qayət ciddi:

– Ay Vəlibəy, bax, sən həkimsən, sənətin var. Onu dərinləşdirməyə çalışacaqsan. Mən hüquqşünasam - vəkillikdən başqa, bir də xalqın ictimai işlərinə yaramalıyam. Federasiya fıkri günü-gündən meydan almadadır. İndi federasiya əsaslarını bilirəmmi? - Yox! Qərbdə və Amerikada bir çox dövlətlər var. Bunların qanuni-əsasisindən, üsuli-idarələrindən xəbərim varmı? - Yox! Müxtəsərcə olaraq darülfünunda keçdik. Vəssalam... İndi bir müddət burada oturub, bunlarla məşğul olmaq icab edər. Bilgisiz olaraq millətə xidmət etmək olmaz. Bilgimiz də olmasa, xalq arasında heç bir nüfuzumuz ola bilməz.

Vəlibəy yenə qırıq-qırıq gülərək:

– Aşna, sən arxayınçılıqdan danışırsan.

– Başqa cür də ola bilməz.

Bu əsnada qapı açıldı. Cabbar gəldi. Salamına soyuq cavab alıb, bir tərəfdə oturdu. Mir Cəfər onu nifrətəngiz bir nəzərdən keçirdi.

 

 

Tələbələr yavaş-yavaş yığılırdı. Səlman və Əhməd də gəldi. İclasın gecikməsini görən Rüstəmbəy qolundakı saata baxdı:

– Vaxt keçir, - dedi.

Bunu görən Mir Cəfər istehza ilə qoluna baxdı və:

– Vaxt keçir, - deyə Rüstəmbəyin ağzını yamsıladı. Sonra cibindən vizit kartını çıxarıb, üzərinə bir şeylər yazdı və Rüstəmbəyə uzatdı. Rüstəmbəy suçlu-suçlu alıb, bu sətirləri oxudu: "Ya sən, ya mən - ikimizdən birimiz yaşamalıdır. Səni duelə çağırıram. Sekundantlarını göstər". Mir Cəfərin tühaflığına yaxından bələd olan Rüstəmbəy yoldaşının hərəkətindən heç də heyrətlənmədi. Mətin bir səslə:

– Mən hazıram. Qaçan alçaqdır! - dedi.

Mir Cəfər Rüstəmbəyin mətanətini duyub, sönük səslə:

– Alçaqdır! - dedi və susdu.

Məclisə sakitlik düşdü. Hər kəs məsələnin nədən doğduğunun səbəblərini anlamayaraq bir-birinin üzünə baxırdı.

Bəzilərinin dodaqlarında heyrət təbəssümü donub qalmışdı.

Səlman Əhmədə tərəf yönələrək:

– Bu Mir Cəfərin də əcəb işləri var, - dedi, - helə yersiz çıxışının üstündə bir dəfə mühakimə olunmuşdu. Yenə çocuq hərəkətindən əl çəkmir, - dedi.

Başqalarırının qüvvətinə yaranan Cabbar Səlmana xoş gəlmək üçün geniş ağzını açaraq bərk gülüşü ilə məclisdəki sakitliyi pozdu. Rüstəmbəyə bata bilməyən Mir Cəfər bunu əldə bir vəsilə edərək, yerindən dəli kimi qalxıb, Cabbara bir şapalaq vurdu. Məclisdəkilər durub Mir Cəfəri yerində oturtdular. Hər kəsdə bir qələyan vücuda gəldi.

Səlman həyəcanlı bir səslə:

– Yoldaşlar, - dedi, - bu gün Rusiyada əldə edilmiş hürriyyətə müəyyən bir şəkil verildiyi bir zamanda biz də burada dərəbəylik dövrü, qolçomaq və qoçu üsulları yeritməyə çalışırıq. Mir Cəfər kimilərin vəhşi hərəkətlərinə artıq xitam verilməlidir. Bu saat qəti olaraq deməliyik ki, Mir Cəfərə aramızda yer yoxdur!

Hər kəs Səlmanın sözlərini təsdiq edərək:

– Ar olsun! Eyib! - deyə səsləndi. Vəlibəy ayağa durub, mülayim səslə dedi:

– Yoldaşlar, bu gün Rusiyadakı bütün millətlər hürriyyətdən lazımınca istifadə etmək yollarını arayırlar. Baxın, paytaxtında oturduğumuz Ukrayna nə cəsur addımlar atır. Müvəqqəti hökümətlə belə hesablaşmaq istəmir... Baxın, biz nə ilə məşğuluq... Mir Cəfərin xatirinə dəyməsin, onun indiki hərəkəti mədəni bir hərəkət deyil. Elə hərəkətlərin baş verməsinə imkan verməməliyik.

Vəlibəydən sonra Xəlil istehzalı gülüşlə:

– A Mir Cəfər, sən başdan-başa təzad imişsən ki! Küçələrdə dediyin gözəl nitqlər harada, bu qoçuluq harada?

Mir Cəfər:

– Sən də qoy görüm, - deyə çəmkirdi və sandalyadakı vəziyyətini dəyişib susdu.

 

 

Bir az keçmiş Qulu ayağa qalxıb:

– Yoldaşlar, biz buraya mühüm bir iş üçün gəlmişik, zənn edirəm, - deyə uzun bir nitq söylədi. Zamanın siyasi incəliyindən, bütün millətlərin muxtariyyət yolunda calışmalarından, Ukrayna hökumətinin müvəqqəti hökumətlə razılaşmayaraq ordu təşkil etməsindən və bu kimi bir çox məsələlərdən bəhs açdı. Axırda "biz də əl-ələ verərək çalışmalı, geridə qalan millətimizi irəli çəkməliyik",- deyə nitqini bitirdi.

Məclis Qulunu alqışladı. Rüstəmbəy Vəlibəyin qulağına "boş sözdür" - deyə pıçıldayıb gülümsədi. Vəlibəy isə zahirən Rüstəmbəyə şərik olmayaraq, Qulunu məmnun etmək üçün üzünə baxdı və xoş bir təbəssümlə alqışını Quluya duydurdu.

Xəlil ayağa qalxdı. Zemlyaçestvo dövrünün bitməsini, artıq siyasi platformaya keçmək ehtiyacını bildirdi. Bu əsnada "sədrsiz məclis olmaz, sədr seçməli", - deyə səslər eşidildi.

– Vəlibəy! - Vəlibəy!

– Xəlil!

İndiyə qədər sözlərini kəsib ayaq üstə qalan Xəlil gülə-gülə:

– Mən Vəlibəyin sədr olmasını təklif edirəm. Kim tərəfdardır əl qaldırsın!

Vəlibəy əksəriyyətlə qəbul olundu. Mir Cəfər səsdə iştirak etmədi. Qulu isə könülsüz olaraq əl qaldırdı.

Vəlibəy görkəmli bir yerdə oturub, rəsmən məclisi açdı, sonra milli məzmunda bir nitq söyləyərək, Rusiyadakı vəziyyəti təsvir edib, müsəlmanların siyasətcə hazır olmadıqlarını qeyd etdi. "Bütün millətlər, - dedi, - təşkilat yaparaq, məclisi-müəssisan qarşısına hazır çıxmaq istəyirlər. Halbuki biz hər işdə geri qaldığımız kimi, burada da ləng iş görürük". Sonra Vəlibəy ziyalı azlığından şikayət edərək, mövcud olanlar arasında da ittihad olmadığından bəhs etdi və əlavə olaraq: "Bu gün burada bir nəticəyə gəlib, ümumi bir dil tapmalıyıq; çünki bunu bizdən həm zaman, həm də millətimiz tələb edir", -nitqini qurtardı.

Danışmaq istəyənlər yazıldı. Səlman, Əhməd, Mir Cəfər, Xəlil, Rüstəmbəy, bir neçə tələbə və məktəbi yeni ikmal etmişlər çıxışda bulundular. Kiyev türk tələbələri tarixində ilk dəfə olaraq məslək ayrılığı duyulmağa başladı. Əvvəllər zemlyaçestvo ətrafına toplanıb yalnız mədəni-maarif məfkurəsi daşıyan gənclər indi artıq köhnə çərçivəyə sığmamağa başlamışdılar. Eser, menşevik, bolşevik və milli demokratik platformalar irəli sürülərək, hər kəs müəyyən proqram dairəsində hərəkət etməyə çalışırdı.

Nitqlərdən sonra uzun-uzadı münaqişələr oldu, nəticədə məclis bir neçə qrupa ayrıldı. Səlmanla Əhməd bolşevik, Xəlil menşevik, Mir Cəfər eser olaraq qaldılar. Məclisin əksəriyyəti isə milli məfkurə daşıyan bitərəflər idi. Bunlar heç bir firqəyə mənsub deyildilər, milli hərəkatda edəcəkləri iştirakın şəkli və üsulu da hələ təbəllür etməmişdi.

Məclisdə söylənənlər kimsəni qənaətbəxş etmədi, hər kəs əvvəlkı məsləkinə sadiq olaraq məclisi tərk etdi.

 

 

Axşam Vəlibəy Rüstəmbəyi "Kupeçeskoye sobraniye" bağçasına dəvət etmişdi. Mayın aydınlıq bir axşamı idi. Dneprin geniş köksü yaldız saçırdı. Yasəmən və kəstanə çiçəklərinin qoxusu ruha təravət verirdi. Bağçadakı şıq geyimli, şən söhbətli adamlar sanki şəhərdəki çörək və şəkər böhranı ilə heç də əlaqədar deyildilər.

Rüstəmbəylə Vəlibəy əvvəl açıq havadakı kinoya gedib, "Qriqori Rasputin" adlı şəklə tamaşa etdilər. Sonra bağçanın restoranına gəlib, çiçəklər arasındakı bir masaya yerləşdilər. Vəlibəy qarsonu çağırıb, vemək və içki ismarladı. Ağ örtülü masanın üzərinə əlvan məzələr düzüldü, araq qoyuldu. Vəlibəy özünəməxsus nəzakətlə qədəhləri doldurdu və Ömər Xəyyamın bir rübaisini söylərək, qədəhini qaldırdı:

– Rüstəmbəy, - dedi, - xoş gəlmisən! İnqilabın nərələrə varacağını və bizi haraya sürükləyəcəyini hələ bilmirəm. Qoca fars "dəm qənimətəst"[8] deyər. İndi bu dəqiqələr də bir qazancdır. Içək, sağ olaq.

– Vəlibəy, sağ ol! - deyə Rüstəmbəy qədəhini Vəlibəyin qədəhinə vurub içdi.

Vəlibəy boşalmış qədəhləri təkrar doldurub dedi:

– Qəzetləri, yəqin diqqətlə oxuyursan.

– Təbii.

– Bu müvəqqəti hökumətdən axır, deyəsən, bir şey çıxmayacaq... Müttəfiqlərə verdiyi notanı gördüm, yenə köhnə hamam, köhnə tas; çar siyasəti dəyişilmir - müvəqqəti hökumət müttəfıqlərlə bağlanan bütün əhdnamələrə sadiq qalır... Milyukov yenə İstanbulu tələb edir. "Son zəfərə qədər müharibə" şüarı utanmazcasına davam edir...

– Vəlibəy, bu siyasət yeriməz, ordu vuruşma qüvvətini qaib etmişdir, paytaxtda soldat və isçi şurası ilə hökumət arasındakı uçurum get-gedə dərinləşir; bolşeviklər yorğun vücudlarda doğan xəyalları həqiqətə çevirmək istəyir; Ukrayna muxtariyyət bayrağını qaldıraraq, başqa millətləri də arxasınca aparır, iqtisadi böhran, hərc-mərclik məmləkəti alt-üst edir... belə bir zamanda əski siyasəti yürütmək qabilmi?

Vəlibəy qədəhi qaldırıb, Rüstəmbəyin nitqinin sonunu gözləyirdi. Nitq bitər-bitməz:

– Ukraynanın şərəfinə içək, - dedi, - qoçaq adamlar yetişdirmişdir. Rüstəmbəy səmimi bir halda qədəhinə yapışdı və ukraynaca: "İşşe ne vmerla Ukraina!"[9] - deyib içdi.

Bir neçə dəqiqə başları yeməyə qarışdı. Lakin sükut uzun sürmədi. Rüstəmbəy:

– Ukrayna, - dedi, - fürsəti əldən buraxmır, cəbhədən ukraynalıları yavaş-yavaş çəkib milli ordu təşkil edir; müvəqqəti hökumətdən muxtariyyətinin tanınmasını tələb edir; məktəb və idarələri milliləşdirir; milli nəşriyyata çalışır... Tələbəlik zamanımızda Kiyevdə Ukrayna dilinin danışıldığını eşitməmişdik. İndi yavaş-yavaş eşidilməyə başlandı. Çar zamanı yalnız bir qəzetləri vardı, onu da müharibə başlar-başlamaz hökumət qapadı. Əlan gör nə qədər qəzet və jurnalları var... Bax gör biz nə haldayıq! "Kaspi" hələ ittihadi-islamın quyruğundan əl çəkmir. Bir tələbə məktub almış: Bakı küçələrində qoçular türk qadınlarının ayaqlarından dikdaban çəkmələri çıxarırmışlar... Belə dəhşət olurmu?.. Oh, Vəlibəy, iç, dərdimizi unudaq, islamiyyət bizim axırımıza çıxdı.

İki dost məyus bir halda qədəhləri başlarına çəkib, uzun müddət susdu.

Qarson bifşteks gətirdi. Vəlibəy şərab istədi. Böyük qədəhlərə şərab töküldükdən sonra Vəlibəy Rüstəmbəyə Azərbaycan işlərini anlatmağa başladı:

– Bakıda Ümumqafqaz müsəlmanları qurultayı olmuşdur. Bəzi qərarlar çıxarmışlar. Federasiya şəklini qəbul etmişlər... Təbii, qurultay hadisəsiz keçməmişdir. Qurultayda iştirak edən çarşabsız bir qadına qarşı tapançalar çıxmış; yekə rüsvayçılıq! Küçədəki çəkmə çıxarmaq fəqərəsi bu hadisədən sonra olmuşdur... Sonra, Gəncədə bir ədəmi-mərkəziyyət fırqəsi varmış. Bakıdakı federalist fırqəsi ilə birləşərək, meydana "müsavat" adlı bir firqə çıxmışdır. Proqramlarını görməmişəm...

Rüstəmbəy Vəlibəyin sözlərini kəsdi:

– "Müsavat"ın proqramı ilə tanış olmaq istəyirdim. Bəlkə gətirdəsən.

– Gətirdərəm, ya da gedəndə özüm göndərərəm.

– Gətirsən Qulamrzaya ver, o mənə verər, bəlkə sən getdin, sonra görüşmədik.

– Yaxşı.

Rüstəmbəy bir az düşünüb:

– Görəsən, başında kimlər durmuş? - deyə sordu.

– Nəsibbəylə Əhməd Muxtar olmalıdır. Rüstəmbəy bu adamları uzaqdan tanıyırdı:

– Yəni, bunların hazırlığı var? - deyə düşündü.

Vəlibəy gülümsünərək:

– Nə deyim? - dedi. - hər halda müsəlman daha bunlardan artığını yetişdirməyəcək ki!.. İşlərlər, öyrənərlər.

– Təhsilləri necədir?

– Nəsibbəyi bizzat tanımıram. Eşitdiyimə görə, darülfununda olmuş, ancaq qurtarmamışdır. Əhməd Muxtara yaxşı bələdəm. Bizimlə də bir qədər işləmişdir. Heç bir təhsili yoxdur, xudayi-nabitdir. Bütün məziyyəti türkcə savadlı olmasındadır. Yaxşı natiqdir... Bu qədər. Bişmiş bir siyasi adam demək olmaz. Dövlət təşkilatı üçün yararlı adam deyildir. İfrat inad və şöhrətpərəstdir: "Burada mən, Bağdadda kor xəlfə"... Nə başını ağrıdım, kor atın kor da nalbəndi olar... - deyə qırıq gülüşünə davam etdi.

Rüstəmbəy düşüncələrindən ayrılmayaraq, bir daha sual vermədi.

 

 

Gecə saat birdə evə dönərkən Mir Cəfərin iclasdakı hərəkətini xatırladılar. Vəlibəy qırıq-qırıq gülərək dedi:

– Qəribə adamdır!

– Doğrudan da, qəribədir... Çocuqluqda da belə idi, amma indi ifrata varmışdır. Çocuqluğumuzdan son dərəcə dost idik. Bir-birimizə gedər-gələr, bir dəqiqə belə ayrı durmazdıq. Ən mod və ən mütərəqqi məsələlər ətrafında bəhs edər, müəyyən fikirlərə gələrdik. Bunda səbir və hövsələ yoxdu. Bir şeyi deyərdi, həyata keçirilməsində mətanət göstərməzdi. Bir gün kiçik qardaş və bacılarımıza savad öyrətməyi qərara aldıq. Dərs başlandı. Mir Cəfərin qardaşı oxumamazlıq edirdi. Bir müddət dərs dedi, çocuq tənbəllik göstərdi. Axırda yanına çağırıb qəti olaraq soruşdu: "Qardaş, oxumaq istəyirsənmi?" Çocuq: "Yox" dedi. Mir Cəfər: "Hürrsən" - deyə onu buraxdı. Dərs bitdi. Qardaşı indi də savadsız və sənətsiz bir adamdır. Mən Mir Cəfəri məzəmmət elədim: "Ehmallıqla oxut" - dedim. Mənə cavabı bilirsən nə oldu? "Çocuğun hürriyyətinə təcavüz etməyə haqqın yoxdur", - dedi.

– Hürriyyəti belə anlamışdır, - deyə Vəlibəy güldü.

Rüstəmbəy sözlərinə davam edirdi:

– Hər şeyi tərsinə başa düşmək bunda bir xassədir... Bir gün teatra getmişdik. Parterdə idik. Bir də gördüm paltarını soyunur. "Canım nə qayırırsan? Burada köynəkli oturmaq olarmı? Axır bir qayda var". Mənə: "Əfkari-ümumiyyədən qorxursan? - dedi. - Hər şey cəhənnəm olsun, mənə şəxsim və istirahətim lazımdır, - deyə cavab verdi.

– Deməli teatrda yarıçılpaq oturdu.

– Təbii, yüz yerdən ağızlar buruldu, istehzalar olundu...Nə isə, başının bir damarı qırıqdır...

– Qeybət olmasın, - deyə Vəlibəy sözə başladı, - mən də bundan bir fəqərə eşitmişəm. Bir ay əvvəl Moskvaya tələbələr qurultayına getmişdi. Bir gün tramvay yelli keçərkən Mir Cəfər fit verir. Bir qəzamı oldu - deyə o saat tramvay vaqonlarını dayandırırlar. Vaqonların dayandırılmasının səbəbini bilməyən miniklər arasına çaxnaşma düşür. Bir də Mir Cəfər səslənir; "Mən mindim, indi vaqonu sürə bilərsiniz", - deyir. Camaat buna qarşı nifrətlər yağdırır. Bu adam indi Kiyev mitinqlərinin Allahı sanılır.

– Çünki gözəl natiqdir. Ruscaya incədən-incəyə vaqifdir. Ədəbiyyatı ətraflı tədqiq etmiş; mətbuatda belə iştirak edir... Ancaq həyatı kitablarda yazılan kimi qəbul edir. Fikir və hərəkətindən də kitab qoxusu gəlir, olduqca səthidir. Vəlibəy ciddi bir səslə:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 265; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.063 сек.