Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 9 страница




– Yayı işləyirsiniz, bəs qışda nə qayırırsınız?

– İş olanda ərim ağalıqda işləyir.

– Gündə neçə qazanır?

– On qəpik.

– Taxılınız olmayan il olurmu?

– Olur.

– Onda nə edirsiniz?

– Eldən borc alırıq. Bəzən burada yəhudilər və müamiləçi ruslar var, onlardan nisyə olaraq satın alırıq. Xırmana qədər gözləyirlər.

– Bahamı satırlar?

– O, çox! Bəzən birə üç qiymətə. Onların borcundan çıxmaq çətin olur; çünki öz torpağımız azdır, ağadan icarəyə götürürük: məhsulun yarısı da ağaya çatır.

Rüstəmbəyin marağı bir az söndü. Qadından razılıq edib, ağır havalı komanı tərk etdi. Bağçanı bürüyən günəşli hava üzünə çarpıb onu sevindirdi. Gilənar ağaclarının altında titrəşən sarı ləkələr ona olduqca yeni və cazibəli göründü.

Rüstəmbəylə Musya bir neçə komaya da girdilər. Bir-birinin eyni. Yalnız bəzisi təmiz, bəzisi isə olduqca kirli idi. Bir neçə yerdə mujiklər samoqon arağı çəkirdilər. Keflilərə də rast gəldilər. Həftələrcə içənlər varmış.

Kəndin ortasına çatıb, kilsənin yanında oturdular. Bir-iki dilənçi gəlib bunların qarşısında diz çökdü və Rüstəmbəyin əlindən öpmək istədi. Rüstəmbəy əlini kənara; çəkərək, ciddi səslə:

– Ayağa durun, sonra məramınızı anladın! Dilənçilər qalxıb, xaç çəkərək təzim etdilər. Rüstəmbəy onlara pul verib yola saldı və sonra Musyaya müraciət edib:

– Musya, - dedi, - bu mujiklərin qulcasına davranmalarını heç də sevmirəm. İdarədə də belədirlər; sözlərini demədən əvvəl masanın qarşısında dizi üstə düşüb əl öpərlər.

– Təbii deyilmi? Əsrlərcə qüvvətlilərə qul olmuşlar. Üzərlərində əsarətin izini daşıyırlar.

– Mujiki xəşin deyə təsvir edirlər. Bu nə qədər doğrudur?

– Mədəni olmayanların hamısı belə deyilmi?

– Yox. Rus mujikinin başqa bir xüsusiyyəti varmış: yıxıcılıqla məşhur imiş. Hər halda mujiki ətrafı tanıyan rus münəvvərləri bunları mənə belə tanıdıblar. Cəbhədə gördüklərim məndə bu qənaəti qüvvətləndirdi.

– Deyirlər, mujik üçün ibadətlə cinayət eyni məna ifadəsi imiş: mujik ibadətini buraxıb cinayət yapar, sonra ibadətinə davam edərmiş...

Musya məyus bir halda ağzını burdu..

– Nə deyim? - dedi. - Mən şəhərliyəm, mujiki yaxşı tanımıram. Ancaq mujik haqqında rəylər ələləksər mənfıdir. Mujik yalançı, ikiüzlü, hiyləgər, tənbəl və oğrudur deyirlər. Amma yüz milyonluq mujikin hamısımı belədir? Rus klassikləri biləks bunları müsbət və Allah qorxusu daşıyan kimi təsvir edirlər.

Evə dönənə qədər mujik ətrafında danışdılar. Rüstəmbəy sektantlardan bəhs açıb, onların hakimiyyətə zidd olduqlarını söylərək:

– Məncə, - dedi, - bunlara yalnız şiddətli bir hökumət intizam öyrədə bilər. Liberal hökumət mujik inadına qalib gələ bilməz!..

Musya susaraq Rüstəmbəyi dinləyib, ağlı irmədiyi məsələlərin həllinə qalxışmırdı. Daha doğrusu, Musya şən, könülaçan söhbətlər dinləmək istəyirdi.

Proskurovun ətrafındakı yollarda qaçıb dağılan əli tüfəngli soldatın sayı-hesabı yoxdu. Üç ildən bəri bir zümrənin faydası üçün cəbhədən-cəbhəyə sürüklənən işçi və kəndli, nəhayət, bir imkan bulub, müharibə dəhşətlərindən yaxasını çəkərək, evinə, pərişan ailəsinə qovuşmaq istəyirdi. Bütün verilən vədələr, coşdurulan vətən hissi, təhdid və cəza bu böyük axına qarşı sədd çəkməyə qadir deyildi. Baş komandan Kornilovun ölüm cəzasını ehya etməsi kimsənin nəzərini belə cəlb etmir, papaqlarında kəllə əlaməti olan "ölüm alayları" da hərc-mərcliyin önünü almaqdan acizdi.

Cəbhədən qaçanlar Proskurova toplanırdılar; şəhər və ətrafı cür-bəcür idarələr və təşkilatlarla dolmuşdu. At, araba, avtomobil, ənva alaylara mənsub süvari və piyada qoşun hissələrinə hər addımda rast gəlinirdi. Bir düzəngahda düşərgə yapan "vəhşi diviziya"nın bir bölüyü hər kəsi maraqlandırırdı. Bunlar dairə təşkil edərək, zurna çalıb oynayırdılar. Ətraflarında böyük bir izdiham vardı. Bunların ləzgi qiyafəsi, mahir rəqsləri, bağırtı və şənlikləri Musyanı olduqca maraqlandırmışdı. Qəzalağı saxladıb qozluya söykənərək, tamaşa edirdi. Arabir içini çəkərək Rüstəmbəyin qolundan dartır və rəqs edənləri göstərib, sevincindən az qala bayılırdı.

Rüstəmbəy isə maraq deyil, nifrətlə tamaşa edirdi. Bunların Qafqaz şəhərlərindəki sərsərilərdən olduğunu və cəbhədə düşməndən çox sülhpərvər əhaliyə qan uddurduqlarını bilirdi. Qalitsiyanın hər bir kəndlisi onları dəhşətlə xatırlayırdı.

Rüstəmbəy vəhşilərin "fəzilətlərini" çox eşidib bıkmışdı. Odur ki, Musyanı məmnun buraxmaq üçün arabir gülümsəyir, lakin üzündən kin yağırdı. Azərbaycan türklərinin bunlara qarşı ümidlər bəslədiyini xatılrlayaraq, yasa batdı və atları çevirib, karvanı izləməyə başladı.

Karvan Proskurovda yer tapmayıb, açıq havada qalmışdı. İrəliki gün yağış yağmış, palçıq dizə çıxırdı. Buna baxmayaraq, düşərgə qərar verilib, zemstvo baş idarəsi aranılmağa qoşuldu.

Şəhərdə un, qənd, ayaqqabı, at ticarəti böyük meydan almışdı. Dəllallar köçlərin arasını dolaşaraq, zəmin hazırlayır, gecələr də mal qaçırırdılar. Ərzaq böhranlarından istifadə edərək, dövlət malları əldən ələ keçirdi.

İkinci gün Musya ilə Olesya baş idarələrini tapıb, Kiyevə dönmələrinə əmr almışdılar. Bundan əvvəl Musya Rüstəmbəylə şəhərə getdi. Musya anasına teleqraf göndərəcəkdi. Bir-iki saat şəhəri dolaşdılar. Musya Rüstəmbəyi ən gözəl, iki tərəfı çiçək bağçalı küçələrdən apararaq onu eşq və hörmətlə dinləyirdi... Lakin Rüstəmbəy Musyanın verdiyi suallara düşünərək cavab verib onu qane etmirdi. Rüstməbəyin yoldakı rəftar və hərəkəti Musyanın ürəyində bir ümid doğurmuşdu. İndi Musya bu ümidin bir söz, bir vədlə təsdiq edilməsini gözləyirdi. Rüstəmbəy isə buna yanaşmırdı.

Nəhayət Musya açıq olaraq:

– Sabah mən gedirəm, siz bir az da olsa mənim yoxluğumdan kədər duyacaqsınızmı? - deyə mənalı baxışla Rüstəmbəyi süzdü.

Rüstəmbəy gülümsünərək:

– Musya, bu suala cavab vermək üçün bir müqəddimə etməliyəm. Mən dosta, bilxassə qadın dostuma tez alışıram; lakin bu alışmanın özündə bir acı duyuram: çünki qəlbim deyəni ağlım və ağlım deyəni qəlbım inkar edir. İştə bu dəruni təzad məndə əzab hissi doğurur. Sizinlə ilk görüşəndən bəri əzab içindəyəm. Bu əzabın yeganə əlacı... ayrılıqdır...

Musya izəəti-nəfsinin xətərlənməsini duyaraq, sərzənişlə:

– Deməli, ayrılmamızı səbirsizcəsinə gözləyirsiniz, - dedi və gözləri yaşardı.

Rüstəmbəy Musyaya təsəlli verərək:

– Yox, əzizim, - dedi, - fikrim anlaşılmadı. Hər bir fərd söylədiyi sözü və hərəkəti üçün məsuldur. Qəti bir söz söyləsəm, yerinə yetirməliyəm. Boş vədləri sevmirəm...

Musya yenə qeyri-məmnun bir halda onun sözlərini kəsdi:

– Deməli, bu on beş günlük dostluğumuz, hərəkətimiz və ifadələrimiz yalnız boş bir əyləncə imiş.

Rüstəmbəy cəld:

– Yox, nə üçün? Hiss coşmazmı? Coşdu... Qəlblər yuvalarından uçub bir budağa qondu... Gəncliyin iqtizası bu.

– Deməli qəlblər yenə yuvalarına dönməli; çünki boş-boşuna uçmuşlarmış...

Rüstəmbəy etdiyi müqayisəni canlı olaraq təsəvvür edib gülməyə başladı. Gülüşü Musyanı büsbütün dilgir etdi. Hiddətindən əlini Rüstəmbəyin qolundan çəkib, bir neçə addım ön tərəfə yürüdü. Rüstəmbəy arxadan onu süzdü. Musyanın yolda əzilmiş paltarı, ənsəsində sual işarəsi kimi qıvrılmış tükü, palçıqlı, bir az da dabanı getmiş uzunboğaz çəkməsi ona olduqca gülünc göründü. İçində bir acı duydu.

Mətanətsiz addımlarla bir müddət yürüdülər. Bir az sonra Musya ayaq saxlayaraq, geri çöndü. Qara kirpikli parlaq gözləri ilə Rüstəmbəyə baxdı, alt dodağını dişlədi. Gülləri solduran yanağında lətif bir çökək zühur etdi: "Qəlbim, həyəcanım, bütün varlığım həp sənindir!" - deyən kimi oldu.

Rüstəmbəyin üzü parladı. Ürək çarpıntılarından eşidilməz bir ıfadələr qoparaq Musyanın həyəcanlarına qarışdı. Qadın hissi qane olmuşdu. Qollar bir-birinə yenidən sarıldı və mətin addımlar onları düşərgəyə doğru sövq etdi.

Qazalaq Musya ilə Olesyanı vağzala gətirdi. Rustəmbəy və Kasparyan onları təşyi edirdilər. Şeyləri vaqona qoyub, platformaya endilər. Rüstəmbəy vaqonun bir başında, Kasparyanla Olesya da bir az uzaqda durmuşdular.

Musya əli ilə Rüstəmbəyin qoluna təmas edərək:

– Rüstəmbəy, - dedi, - bax, tez-tez yazınız! Gözləyəcəyəm.

– Yazaram. Hələlik Nikolay küçəsindəki meyvə mağazasına yazın, otaq tutduqdan sonra yeni adresimi bildirərəm.

– Yaxşı!.. Yol elə ağır keçəcək ki...

Rüstəmbəy Musyanın səsindəki hüznü duyaraq:

– Keçməz. Öyrənərsiniz. İnsan hər bir şeyə qələbə çalan bir məxluqdur, - dedi.

Musya bu fikrə şərik olmayan bir tərzdə:

– Yox, Rüstəmbəy, mən o məxluqdan deyiləm, - dedi, gərdənini bir az əydi və çocuq kimi dabanının üzərində sol və sağa fırlanmağa başladı. Rüstəmbəyə baxaraq, üzündəki hüzn əlamətləri şadlıqla əvəz olundu.

Bir də Rüstəmbəyin frençinin düyməsindən yapışıb:

– Mən ölərəmsə, ağlarsınızmı? - deyə dodaqlarında tühaf bir təbəssüm oynatdı.

Rüstəmbəy gözləmədiyi bir suala qarşı:

– Mən sizi, - dedi, - daima gənc, şən, lətif həyəcan da cilvələnən təsəvvür edirəm. Sizə matəm süsü yaraşmır...

Musya peşman kimi:

– Yox, yox, zarafat edirəm, - deyə ayaqlarının ucları ilə yarımdairə yapdı.

Rüstəmbəyə bu mövzu o qədər xoş gəldi ki, bu sahədə mülahizələr yürütməyə başladı:

– Gənc həyat elə böyük bir qüvvədir ki, mətin qayanı belə yıxar. Gənc olduğumu idrak edən dəqiqələr özümü kainatın hakimi zənn edirəm...İnsan özünün baqi olmadığına ınanarmı? Gündə yüz minlərlə ölülər belə görsəm, öləcəyimə qane ola bilmirəm. İnsan təbiəti tühaf bir zehniyyətə malikdir...

Musya Rüstəmbəyin məntiqi, aydın və nikbin sözlərini dərin bir eşqlə dinləyirdi. İkinci zəng vuruldu. Haman ikisi də hazır bir vəziyyət aldı. Rüstəmbəy sağ əlini irəli uzatmaq istəyirdi, Musya sıçrayıb onun boynunu qucaqladı və dodaqlarından öpdü. Sonra günah işləmiş kimi qaçıb vaqona çıxdı. Olesya içəri girər-girməz pəncərədə göründü. Musya isə bir az ləngidi. Üçüncü zəng vurulana yaxın başını pəncərədən çıxardı, gözləri yaşlı idi. Tez-tez çəkilir, arxada ağ dəsmalı ilə gözlərini silirdi.

Qatar tərpəndi. Musya gözlərindən ayırdığı dəsmalını salladı:

– Unutmayın! - deyə hayqırdı.

– Yaxşı yol! Salamat gedin!

Tren getdikcə dəsmal havada yellənir, üzərində daşıdığı göz yaşlarının sirlərini Rüstəmbəyə duydururdu.

Artıq son vaqon da gurultu ilə keçib getdi. Kasparyan yanaşıb Rüstəmbəyin qoluna girdi, bir yerdə qazalağa doğru getdilər.

Yolda müfrizənin işlərinə dair bəhs açıldı. Kasparyan Rüstəmbəyin cəbhədə olmadığı zaman törənən işlərin təfsilatını anlatdı. Rüstəmbəy maraqsız bir halda dinləyib:

– Bilirsiniz, - dedi, - Vanyanın seçilməsi isabət olmuş. Zemstvo təşkilatları rollarını bitirmiş, heç bir əhəmiyyəti qalmamışdır. Bizim üçün, bilxassə sizin və mənim üçün yeni fəaliyyət sahəsi açılır - milli sahə. Bu gün milli müqəddərat məsələsinin coşqun bir vaxtında bizim vətəndən uzaq yerlərdə qalmamız cinayətdir. Millət bizi yetişdirdi, biz də bu zəruri vaxtda millətin köməyinə qoşmalıyıq.

Kasparyan sözlərini təsvib edən bir halda dinləyib:

– Qafqazdan xəbəriniz varmı? - deyə sordu.

Rüstəmbəy düşünərək:

– Ətraflı məlumatım yoxdur. Ancaq ziyalıya ehtiyac olduğunu bilirəm. Bu ehtiyac bilxassə bizdə çoxdur... Sonra Qafqaz xalqları arasında saziş yoxdur, fəna işlər baş verə bilər. Bunun önünü almalıyıq.

Kasparyan fikrə dalaraq:

– İşlər elə dolaşdı ki, - dedi, - çıxacaq yolu belə görmürəm. İndi Türkiyə cəbhəsində də belə bir iş olsa, kim bilir, bədbəxt erməni milləti nələr çəkəcək? Halbuki nələrə ümid edirdik!..

Rüstəmbəy səmimi bir səslə:

– Bilirsiniz, - dedi, - erməni məsələsini bizimlə əlaqədar bir məsələ olaraq deyə ətraflı tədqiq etmişəm. Bilaxirə müharibə əsnasında Moskvada rusca nəşr etdiyiniz məcmuə və kitabları gözdən keçirdim. Erməni hərəkatının tarixi ilə də az-çox tanışam... Erməni millətinə xeyirxah bir türk sifəti ilə bunu deməliyəm ki, erməni milli hərəkat rəhbərləri bir çox səhv yapmış və yapırlar. Çar idarəsinə muxtariyyət ümidi bəsləmək boş bir xəyaldan başqa bir şey deyildir. Vaxtilə rus xarici nazirlərindən birisinin "Ermənistan bizə ermənisiz lazımdır" sözləri xatırımızdadir". Çar hökumətinin erməni məsələsinə qarşı tutduğu xətti-hərəkət daima bundan ibarət olmuş. Böyük Petrodan bəri bütün çarların sizə verdiyi vədlər boşa çıxmış. Sizi üsyana təhrik etmişlər, köməyə gəlməmişlər, nəticədə də erməni qırılmış. Avropalılar da sizə qarşı eyni xəyanətdə bulunmuşlar: Türkiyədə üsyanlar yapdırıb, erməni millətini məhv etdirmişlər. Paris və Berlin müahidələrindəki erməni məsələsinə aid qeydlər də boşa çıxmış. İştə, "xristian" Avropa və Rusiyanın sizə verdiyi "faydalar"! Millətinizin faciəsi yaxını qoyub uzaqda dost aramaqdan irəli gəlmiş. Zənn edirəm, millətin müqəddəratını keşişlərin və kor gözlü daşnaqların çəngindən qurtarmanın zamanı çoxdan gəlmişdir. Qafqaz millətlərinin qardaşlığı mövzusunda təbliğat yapmalı, bütün gəncləri bu işə cəlb etməli, camaatımızın salamatı yalnız bu yoldadır!

Son sözlərini bitirərkən Rüstəmbəyin həyəcandan dodaqları titrəyirdi. Kasparyan fıkirdə, sanki tərəddüd içində idi. Bir az sonra ayılan kimi oldu:

– Sözləriniz haqlıdır, - dedi, - amma...

Kasparyan sözünü bitirmədi. Daşnaq zehniyyəti sanki onu da zəhərləmişdi.

Rüstəmbəy Kiyevdən bir teleqram aldı, bilatəxir Kiyevə dönməsi tələb olunurdu. Düşündü - burada Vanyanın barmağı olduğu aydındı. Rüstəmbəyin işcilər arasında populyar olduğu Vanyanı təşvişə sövq edirdi; çünki istəsəydi seçki vasitəsilə təkrar iş başına çıxa bilərdi. Halbuki Rüstəmbəy çəkilib milli sahədə çalışmağı hər şeyə tərcih edirdi. Vanyanı cağırıb məsələni anlatdı:

– Teleqram aldım, gedirəm, - dedi, - zatən bunsuz da getməyə qərar vermişdim.

Vanya ciddi:

– Yəqin sizə baş idarədə məsul bir iş verəcəklər...

– Artıq zemstvo xidmətində qalmağa lüzum görmürəm; indi bir az da öz millətim üçün çalışmaq istəyirəm.

Bu sözlərdən sonra Vanyanın üzü sərt və şübhə edər bir şəkil aldı:

– Hər millət özü üçün çalışsa, mövcud olan anarxiya bir qat daha artar ki...

Rüstəmbəy ağzını burub kənara baxdı və bir az düşünüb:

– Görürsünüz nələr olur? Hər ağızdan bir səs çıxır. Ölkə hərc-mərc; dövlət aparatı pozulmuşdur, bunun sayəsində xalq da məhv olub gedir. Millətlər mərkəzdən ümidlərini kəsərək, özlərinə ümid bağlamağa başlayırlar. Ayrı çarə varmı?

Vanya kədərli bir halda:

– Deməli, siz də ukraynalıların izincə getmək istəyirsiniz.

– Təbii deyilmi?

Vanya bir söz söyləmədi, yenicə yerləşdiyi xırda otağı dolaşaraq düşündü:

– Millətlərin yeganə çarəsi bolşeviklərə qoşulmaqdır. Xudbincəsinə kənara çəkilməklə məsələ həll olunmayacaq. Kənara çəkilmək əcnəbi kapitalistlərinin qucağına atılmaq deməkdir!

Rüstəmbəy qəti olaraq:

– Bolşeviklər iş başına keçəcəklərmi? Dövlət intizamını ehya etməyə müvəffəq olacaqlarmı? Milli məsələni necə həll edəcəklər?.. Bunlar birər məsələdir...

– Bolşeviklərin iş başına gəlməsinə zərrəcə də olsa şübhə etməməlidir; çünki biz geniş əməkçi kütləsinin arzusunu tərənnüm edirik. O kütlə əksəriyyət təşkil edir, qüvvət də o kütlədədir. Bu saat o kütlənin təşkilatı ilə məşğuluq, təşkilat bitər-bitməz Kerenskinin zəif əlini dövlət idarəsi polad əllərə alınacaq. Bu olacaq! Buna inanmalı!

Rüstəmbəy inanmayaraq, dinlədi, bir şey söyləmədi; qərarından çəkilmək niyyətində deyildi. Bu əsnada Kasparyan içəri girdi. Vanya gülərək:

– Kasparyan münsif olsun, - dedi. - Kasparyan, sən ermənisən, şübhəsiz, milli ruh daşıyırsan, milli məsələni inqilab necə həll edəcək? Bunu bilirsənmi?

Kasparyan məsələnin birdən-birə zühur etməsindən şaşdı:

– Nə üçün mənə bu sualı verdin? - deyə sordu.

Vanya:

– Rüstəmbəylə bəhs etdik, onu qane edə bilmədim, bu barədə sənin rəyini bilmək istəyirəm.

Kasparyan oturub düşündü:

– Milli müqəddərat, - dedi, - əsrin ən kəskin məsələsidir. Millətləri ələ almaq üçün hərə bir vəd verir. Çar hökuməti Polşaya istiqlaliyyət, bizə də muxtariyyət vəd etmişdi. Çar yıxıldı, vədi də öldü. İndi Rusiyadakı firqələr bu məsələ ilə məşğuldurlar. İs başına gələn esdeq və eserlər çarın mərkəziyyət siyasətindən əl çəkmək istəmirlər. Ukrayna məsələsindən dolayı kadetlər müvəqqəti hökumətdən vəkildilər. Rusiyanın ən mədəni qüvvələri də, bilirsiniz, kadet firqəsindəndir.




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 286; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.051 сек.