Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 12 страница




– Gəlin, - dedi.

Qapı açıldı, ev xanımı içəri girdi:

– Rahatsız edirəm, bağışlayın! - deyə üzr istədi.

Rüstəmbəy qalxıb yer göstərdi. Xanım cəsarətsiz səslə:

– Görürəm, məşğülsunuz, - dedi, - ancaq nə etməli. sizinlə danışmağı özümə bir vəzifə bilirəm... Daha doğrusu, ana vəzifəsi bilirəm... çünki Musyanı qızım kimi sevdim... Doğrudan da sevimli qızdır...

Rüstəmbəy gülərək onun sözlərini kəsdi:

– İnkar edilməz ki?..

– Yox! Mən ciddi deyirəm... Doğrusu, bu qıza yazığım gəlir. Bu sizi şiddətlə sevir. Gənclikdir, iradəsinə malik ola bilmir... Bizim hamımız gənc olmuşuq... Siz də o qədər laqeyd davranırsınız ki!.. Bagışlayın, sizin şəxsi işinizə qarışa bilmərəm... ancaq siz də məni özünüzə ana hesab edin!..

Rüstəmbəy sakit və ciddi bir halda:

– Bağışlayın, - deyə xanımın sözlərinə xitam verdi, - Musya kimi sizə yad olan bir qızın halına qaldığınızdan dolayı sizə səmimi təşəkkürlər edirəm. Bu mədəni və insani bir vəzifədir; lakin mənim də çəkdiyim güclükləri bilmənizi təmənna edirəm... Mən ictimai bir adamam. Üzərimdə bir çox məsul vəzifələr var. Bu vəzifələri ödəmək üçün yalnız olmaq icab edir. Tək baş gördüyü işi iki baş görə bilməz!.. İstə. Musya ilə anlaşa bilmədiyimiz nöqtə burada!..

Rüstəmbəy susub, başını aşağı saldı. Xanım yenə də dillənmək istəyən adam kimi, sakit bir halda Rüstəmbəyin üzünə baxmaqda davam etdi. Nəhayət:

– Əminəm ki, Musyanın sizə maneliyi olmaz. Subayın başında min təhlükə var. Evlənsəniz, işləriniz bir qədər yüngülləşər...

Rüstəmbəy:

– Fikrimdə sabitəm. Musyaya qarşı deyəcək bir sözüm yoxdur. Biləks hörmətim var... Ancaq şəxsi hürriyyətimi saxlamaq istəyirəm...

Bu əsnada qapı tıqqıldadı, Musya bir dəstə güllə içəri girdi. Xanım ayağa qalxıb otağı tərk etdi. Musya da çiçəkləri vaza qoyub, şlyapasını çıxardı və parlaq sima ilə otaqdan çıxdı. Rüstəmbəy məktubu masadan götürüb komodun üzərinə atdı və pəncərənin önünə çəkildi.

Xanımın təklifi onu həyəcanlandırmışdısa da, tərəddüd nişanəsi görünmürdü; qərarında sabit qalacağını kəsdirmişdi.

Musya geri döndü. Üzündə dərin bir kədər görünürdü. Çarpayının kənarında oturub fikrə daldı. Bir də gözlərindən yaşlar tökülüb, yanağı axdı. Rüstəmbəy bunu görərək:

– O, Musya, - dedi, - bu zəfinizi göstərir!.. Xudbinlik eşqi öldürər. Malikiyyət olan yerdə eşq ola bilməz. Həqiqi esq dostluqdan ibarətdir!

Musya titrək səslə:

– Kimsəyə malik olmaq istəmirəm. Buna əmin olmalısınız! Mənim həyatdan heç bir diləyim yoxdur. Ancaq bir şeyi bilmək istərdim: məni sevirsiniz, yoxsa yox?..

–?!

– Bu gün evimizə dönürəm. Sizlə əlaqəmi tamamilə kəsirəm. Sizdən tək bir söz eşitmək istəyirəm... Ondan böyük təsəlli ola bilməz!

Rüstəmbəy Musyanın əllərini bağrına basıb və kilsə şamlarını andıran incə barmaqlarını ayrı-ayrı öpüb:

– Başqa bir cavaba acizəm... Məni unutmanızı rica edirəm, - dedi.

Sentyabrın səkkizində açılacaq xalqlar qurultayına vəkillər gəlmədə idi. Hərbi şura sentyabrın yeddisində Kiyevə gəlmiş müsəlman vəkillərinin iclasını çağırdı. On nəfər tatar vəkili gəldi. Bunların səkkizi krımlı, ikisi də kazanlı idi.

Tühaf burasıdır ki, Cabbar Kazan tatarı nümayəndəsi sifəti ılə məclisdə iştirak edirdi.

Rüstəmbəy hərbi şura adına olaraq xoş gəldin elədi:

– Yoldaşlar, sabah tarixi bir qurultayın açıldığı bir gün biz müsəlman vəkillərinin ümumi dili olmalıdır! - dedi və birliyin əhəmiyyətindən uzun-uzadı bəhs etdi..

Rüstəmbəyin lətif söylənmiş nitqi Krım tatarlarına olduqca fəna təsir etdi. Onların gənc rəhbəri Seyid Məhəmməd söz alaraq, kinli bir sima ilə nitqə başladı:

– Əfəndilər, - dedi, - bizi buraya iltihadi-islam, yaxud Turan məfkurəsi niyyəti ilə çağırdığınızı bilsəydik, heç də gəlməzdik. Bu məruf panislamizm və panturanizm naminə olaraq, bizim zavallı tatar bucaqlara atılıb unudulmuşdur. İsmayılbəy Qasprinski "dildə, işdə, fıkirdə birlik" - deyə mövhum fikirlər peşincə qoşmuş da, "qara" tatarı, onun tarix və ənənəsini, dil və mədəniyyətini unutmuşdur. Krım tatar gəncliyi qiyam edərək bu "panlar" səfsətəsinə xitam verdi. Biz yalnız Krımın dərdlərini anlatmağa gəldik. Kimsə ilə əlaqəmiz yox və olmağını da istəmirik.

Seyid Məhəmməd sözlərini bitirər-bitirməz qalpağını əlinə alıb otağı tərk etdi. Başqa Krım vəkilləri də eyni hərəkəti yapdılar.

Başda Rüstəmbəy olaraq, şura üzvləri bir müddət heyrətə dalıb qaldılar. Bir-birinin üzünə baxaraq, təəccüblərini ifadə etməyə söz belə tapa bilmədilər. Axırda kazanlılardan biri:

– Bilirsiniz, - dedi. - Krım xalqının içində milli bir hərəkət vücuda gəlmişdir. Demokratik prinsiplər irəli sürən bu hərəkət murzalara zadəganlara dəhşətlə əleyhdardır. İsmayılbəy Qasprinski murza olduğu üçün tatar gəncliyinin nifrətinə səbəb olmuşdur. Gənclik "Tərcüman"ı bağlayıb, əvəzində "Millət" adlı qəzet çıxarır. Bu qəzet Krım tatarı ehtiyacından başqa bir şeydən bəhs etmir. Dili də bambaşqadır Rüstəmbəy təhqir olunmuş bir səslə:

– Hər halda, - dedi, - bu qədər ifrata lüzum yoxdur. İki yüz minlik Krım xalqı nümayəndələri nəyə güvənərək bizə qarşı düşmən vəziyyət alırlar? Krım məsələsi müzakirə olunduqda bizim də səslərimizi qazanmaq icab etməzmi?

Uzun danışıqdan və gilayədən sonra məclisdəkilər krımlıların xətti-hərəkətini onların gənclik və təcrübəsizliklərinə isnad edərək, söhbəti kəsdilər. Sonra şura tərəfındən qurultaya üç vəkil göndərməyi qərara alıb, namizədlər ayırdılar. Rüstəmbəy də seçilənlər arasında idi.

Krım gənclərinin xətti-hərəkəti Rüstəmbəyi çox düşündürdü. Onda milli mətbuat sayəsində doğan Turan məfkurəsi yavaş-yavaş sarsılmağa başladı. Dil, adət, xarakter ayrılığı, bunları doğuran ictimai və iqtisadi şəraitin başqa-başqa olması Rüstəmbəylə mövhum Turan arasında bir sədd təşkil etməyə başladı. Həyatında rast gəldiyi türkiyəli, tatar və türküstanlıları xatırladı. Onların bir-birinə yabançı milli zövq və mədəniyyətə malik olduqlarına qane oldu.

Rüstəmbəy əvvəllər də Turan nəzəriyyəsinə tənqidi olaraq yanaşmışdı; lakin səthi də olsa, onun təsirinə qapılmışdı. Bu dəfə bu təsir də silinib getdi.

İndi Azərbaycan, onun xalqı, onun siyasi, ictimai və iqtisadi ehtiyac və tələbləri birinci sıraya keçmədə idi. Rüstəmbəyi artıq xəyal deyil, həqiqi aləm məşğul edirdi.

Bu barədə Rüstəmbəy bir məruzə belə hazırlamağı düşündü. Sonra vaz keçdi; çünki komitə üzvləri arasında Turan nəzəriyyəsi heç bir nüfuza malik deyildı. Bunların hamısı türkcə az savadlı və türk mətbuatından xəbərsizdi; Turan məfkurəsi də buradan doğurdu...

Rüstəmbəy qurultayı xatırlayaraq əməli işlərinə dönməyə başladı. Nitqə hazırlanmaq lazımdı. Azərbaycanın dərd və ehtiyaclarını anlatmalı idi. Düşündü. Plan yazdı. Xoşlamadı. Pozub yenisini yazdı. Sonra hərbi şura vəkili sifəti ilə çıxışda bulunacağını yad edərək, planı bir az da genişləndirmək və çar siyasətinin tarixi gedişini də təsvir etmək icab etdi.

Plan hazırdı. O, sevinc hissi duydu. Durub otağı dolaşdı. Saat birə işləyirdisə də, yuxusu yoxdu.

 

 

Xalqlar qurultayı Vladimir küçəsindəki Pedaqoji muzeydə olmalı idi. Rüstəmbəy sabah ertə ora girdikdə Rusiyanın hər tərəfindən gəlmiş vəkillərə rast gəldi. Qurultayda beloruslar, gürcülər, estonlar, yəhudilər, kazaklar, litvalılar, polyaklar, rumın, tatar, azərilər və ukraynalılar iştirak edirdilər. Bir xalqa mənsub olaraq, o xalqdakı dürlü siyasi cərəyanlar təmsil edilmişdi. Ona qədər vəkil göndərən xalqlar az deyildi.

Rüstəmbəy foyeni dolaşaraq, Vəlibəyə və Şirinə rast gəldi, irəliki gün axşam Bakıdan gəlmişlərmiş. Görüşüb öpüşdülər. Haman bir guşəyə çəkilib, səmimi olaraq danışmağa və dərdləşməyə başladılar. Gənc Azərbaycan vəkilləri vizitkada idilər. Şirin "Müsavat"ı, Vəlibəy də Milli komitəni təmsil edirdi. Şirin Rüstəmbəyin gözünə bir az şişman, bir az qürurlu göründü. Hər halda, həyatından və vəzifəsindən olduqca məmnundu. Vəlibəy isə irəliki kimi. mehriban və nəzakətliliyində sabit qalmışdı. Yenə zarafat edir, için-için gülür və studentlik günlərini ləzzətlə xatırlayırdı.

Şirin xudpəsənd bir tonla Rüstəmbəyə:

– Balam, - dedi, - burada niyə oturmusan? Gəl. Adama böyük ehtiyac var. İstəsən səni Gəncədə mətbuat işinə düzəldərəm. Qəzet çıxarmaq istəyirik, adamımız yoxdur.

Rüstəmbəy gülümsündü və özünə inanan bir halda:

– Görək, - dedi. - Hələ ki, buradayam.

Bu əsnada vəkillər zala dolmağa başladı. Türk nümayəndələri də getdilər.

Xitabət kürsüsü ətrafında yürüyüş gözə çarpırdı: biri gedir, biri gəlir; masanın üzərinə kağızlar qoyurlar. Qısaboylu, ağsaqqal bir qocanın qabağında hörmətlə dayanaraq, bir şeylər sorub məsləhətlər eləyirlər. Nəhayət, xalqlar qurultayı bu qocanın rəyasətində açılır. Qocanın rada sədri olduğunu Rüstəmbəy sonradan öyrəndi. Heyəti-rəyasət və cürbəcür komissiyalar seçkisi başlandı. Şirin bu sədarətə seçılib, xitabət kürsüsünün yanındakı səkiyə dəvət edildi.

Vəkillər kürsülərə yerləşmişdilər. Arxa tərəfdəki yerlər sameinlərə təxsis olunmuşdu. Ətraf həp şən çöhrələrlə parlayırdı. Əsrlərdən bəri əzilən və inləyən xalqların üzü, nəhayət, inqilabın verdiyi imkanlar sayəsində gülməyə başlamışdı.

 

 

Xalqlar nümayəndələri nitqlər söyləməyə davam edirdilər. Hər nitq mənsub olduğu xalqın istibdaddan çəkdiklərini, dərd və tələblərini müəssir bir dillə anladırdı. Ukraynalılar min altı yüz əlli dördüncü ildə Rusiya ilə bağladıqları ittifaq müahidəsinin ləğv edilməsini, gürcülər 1783 müahidəsinin pozulub Gürcüstanın əsarətə düşməsini, tatarlar istiqlaliyyətlərinin məhvini, xalqların sürgün edilməsini, zorla xristianlığa çevrilmələrini; yəhudilər heç bir haqqa malik olmayıb, istədikləri yerdə belə yaşaya bilmədiklərini söyləyərək, çar idarəsinə qarşı küfrlər yağdırırdılar. İnqilabdan doğan Kerenski hökuməti də hücumdan xilas ola bilmirdi, xalqlar muxtariyyətinə xor baxdığı üçün çar ilə bərabər söyülürdü.

Həyəcanlı dodaqlardan qopan hər bir nitq nalə və gizli göz yaşları saçırdı və hər bir vəkil də milli yaralarının sağalmasını Rusiyanın federativ şəkildə qurulmasında görürdü.

Krım vəkillərindən başı sırmalı, qalpaqlı bir qadının çıxışı serəkli alqışlarla qarşılandı; əsarət zəncirini qıran bu qadın hamının rəğbətini qazandı... Azərilərdən hələ kimsə danışmamışdı. Xitabət kürsüsünə ilk çıxan Rüstəmbəy oldu.

Rüstəmbəy nitqinə uzun bir tarixi müqəddimə yapdı. İvan Qroznı zamanından bəri türk, tatar aləminə qarşı yürüdülən siyasəti açıq və aydın surətdə söyləyərək, çar və ortodoks kilsəsinin müsəlmanlara qarşı yapdığı rəzalət və zorbalıqları anlatdı. Dinin, dilin, ənənə və milli xüsusiyyətlərin çar höküməti tərəfındən təqib olunduğunu bildirdi. Nəhayət, azərilərin bir çox hüquqdan məhrum olmalarını bəyan etdi. Axırda "milli hərəkatların böyük rəhbərləri olan ukraynalılara" təşəkkür edərək nitqinə xitam verdi. Gurultulu alqış arasında enib yerinə gəldi. Yanında oturan Vəlibəy onu xoş təbəssümlə qarşılayaraq, əlini sıxdı:

– Sağ ol! - dedi, - nərsən! Analar səni tək-tək doğar!

Rüstəmbəy cavabında ona tərəf əyilərək:

– Qoltuğumun altına qarpız vermə görək! - deyə onun qulağına pıçıldadı...

Bu əsnada tənəffüs elan edildi. Hər kəs qalxıb foyeyə çıxmağa başladı.

Vəlibəy Rüstəmbəyin qoluna girib, bufetə apardı. Bir az sonra, Şirin də onlara yanaşdı. Şirinin sədarətə keçməsi onun qürurunu bir qat daha artırmışdı; eyni zamanda qüruruna bir qədər həsəd qarışan kimi idi. Rüstəmbəyin bugünkü müvəffəqiyyəti onun ruhunu bulandırmışdı. Odur ki, Vəlibəylə Rüstəmbəyin zarafatlaşaraq, səmimi gülüşmələri onun dodaqlarında yalnız sönük bir təbəssüm vücuda gətirə bilirdi.

Rüstəmbəy birdən ciddi bir səslə:

– Bircə Bakıda nə olduğunu təfsilatı ilə anlatmadınız. "Açıq söz"lə "Kaspi" oxuyuram. Doğrusu, gözə çarpacaq bir fəaltyyət görmürəm, - dedi.

Şirin bir az düşünərək avtoritetli bir səslə:

– Nə üçün elə deyirsən, - dedi, - çox iş görülür. Bir kərə heç bir təşkilata malik olmayan xalq müəyyən təşkilatlar ətrafında toplanır. Qafqaz müsəlman qurultayı, bütün Rusiya müsəlmanlarının qurultayı, Kazanda müsəlman hərbçilərinin qurultayı... Bunlarda iştirak etmək iş deyilmi?..

Rüstəmbəy ağzını burdu:

– Nə deyim! - dedi. - Ya fəaliyyətimiz mətbuatımıza sirayət etmir, ya da mətbuatımız da fəaliyyətimiz kimi sönükdür!..

Şirin yenə işə vaqif bir adam kimi:

– Daha nə istərsən? Türkcə gündəlik qəzetimiz var: "Açıq söz" bütün milli diləklərimizi bildirir; rusca da "İzvestiya komiteta bakinskix musulmanskix orqanizatsiy" yazır, "Kaspi"yə əlavə olaraq çıxır.

Rüstəmbəy qəti:

– "İzvestiya" heç! Daha bu ittihadi-islam məsələsi yenə də mi bitmədi? Öz dərdimiz azmış da, arnautların, ərəblərin, hindlilərin gününə ağlayırıq. Onümüzdə duran muxtariyyət məsələsi səthi də olsa işıqlandımı?..

– Az-çox!.. Nə etməli, qüvvəmiz yoxdur.

– Qüvvə yoxdur, gətirin, paytaxtlardan bir-iki rus jurnalisti gətirdin də. Gürcülər və ermənilər etmirmi? Heç olmasa bir professor tapın, federasiyaya dair leksiya oxusun.

Şirin yenə düşündü, yaxasını düzəldərək:

– Tənqid asan şeydir! - dedi. - Gəl də gör nə mühitdə işləyirik.

Vəlibəy:

– Bilirsən, Rüstəmbəy, - deyə mülayim səslə söhbətə girişdi. - Sən bir tərəfdən haqlısan, işlərimiz lazımınca getmir. Ancaq səbəbləri unutmamalısan. Gürcülər neçə illik menşevik təşkilatına mənsubdurlar; daşnaqsütyunun da iyirmi beş yaşı gərək olsun. Bu təşkilatlar xalqın içində dərin köklər salıblar. Sənin nəyin var? Heç nə! Ancaq bu gün siyasi təşkilat qurmaqla məşğulsan. Sonra erməniləri və gürcüləri əsgər aparırdılar, bizi aparmırdılar. Bax, bu gün bundan nə qədər çətinliklər doğur: hər kəs öz əsgərini cağırıb ana torpağında ordu düzəldir, sən avara qalmısan... Dərd çoxdur! Bilirsən, təməlimiz yoxdur, hər şeyi təməldən başlamalıyıq... Şirin Rüstəmbəyə yönələrək istehza ilə:

– Uzaqdan danışmaq asandır, niyə gəlib işə qoşulmursan? Yəqin, ozünü çətinə vermək istəmirsən? Bu mədəni şəhərdə oturmağı hər kəs istər; şərt neft lampalı, bitli və kirli kəndlərdə işləməkdir...

Rüstəmbəy gülə-gülə:

– Şirin, sən də, zənn edirəm, özünü kəndə salmazsan. Gəncədə sənin istirahətin məndən yüz dəfə artıqdır.

Şirin qızardı:

– Elə zənn edərsən?! - deyə müsahibəyə xitam vermək məqsədi ilə aralanıb, bufetə getdi.

Sentyabrın on dördündə xalqlar qurultayı bitdi və vəkillər "Xalqlar şurası" adlı daimi bir təşkilat qurub dağıldı. Rüstəmbəy bu şuranın üzvü olaraq Kiyevdə qaldı.

Yenə Rüstəmbəy üçün adi bir həyat başlandı. Milli komitənin həftədə bir iclası olur, Ukrayna hökuməti və rada ilə qısa əlaqə başlanır və "Xalqlar şurası"nın orqanı olaraq "Svobodnı soyuz" adlı iki həftəlik bir məcmuə nəşr edilir. Rüstəmbəyin rəhbərliyi ilə Azərbaycan muxtariyyətinə aid məqalələr nəşr etməklə komitə bu məcmuədə iştirak edir.

Bu işlərə Rüstəmbəyin çox vaxtı getmir: çox olsa gündə bir saat. Yerdə qalan zaman həp mütaliə ilə məşğul olurdu. Müasir dövlətlərin quruluşunu, federasiya əsaslarını, milli məsələni, mədəniyyət tarixini... incədən-incəyə öyrənməyə çalışırdı. Lakin bəzən fəaliyyətinin lüzumundan şübhə edərək, tənhalıq dalğalarında boğulmağa başlayırdı. Dəruni böhran davam etdikcə Musyanın hüznlü çöhrəsini sisli üfüqlərdə görməyə başlayır. Musyanın cavabsız buraxılan məktublarına cavab yazmaq istəyir, yazır, xoşuna getmir, pozur; yenidən yazmağa başlayır, təkrar pozur. Axırda bütün yazdıqlarını yakıb, tərəddüddən aralana bilmirdi.

Günlərlə davam edən şübhə əzabı bir gün iman günəşinin önündə yox olub gedir, Rüstəmbəy yenidən istiqamət bularaq işə girişirdi. Rüstəmbəyin tühaflıqlarına alışan Qulamrza bəzən ona deyirdi:

– Rüstəmbəy; sən yolu itirəndə biz səndən əvvəl itirərik. Ancaq yenə sənin milli sahədə bir iş görəcəyinə əminik.

Rüstəmbəy gülümsünərək:

– Mənim daxili hərəkətlərimə əhəmiyyət verməyin. İnsanda belə şeylər olur; çünki insan yaradılışı çox mürəkkəbdir.

Qulamrza:

– Rüstəmbəy, - deyirdi, - mənə belə gəlir ki, bütün tühaflıqlar şəxsi həyatın olmamasından irəli gəlir.

– Bəlkə də! Ancaq bizim bu günkü şəraitdə şəxsi həyatı olan ictimai həyatdan vaz keçməlidir. İkisi bir yerdə olmaz. Birinin də olub, digərinin olmaması böhran törədir. Deməli, zamanamızın şüurlu adamı üçün dəruni böhran müqəddər bir həqiqətdir.

Belə bir qənaətə malik olan Rüstəmbəy, təbiidir ki, məsud bir adam sanıla bilməzdi. Ən şən dəqiqələri belə kədər hissi ilə cilalanırdı.




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 289; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.045 сек.