Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 11 страница




Qulamrza "Müsavat" proqramını oxudu. Rüstəmbəy də tənqid edərək fikrini izah etdi. Suallar verən olmadı. Münaqişə başlandı. Əbdürrəhim türk ədəmi-mərkəziyyət fırqəsinin türk siyasəti aparmasına etiraz edərək:

– Yoldaşlar, - dedi, - "türk" sözü ilə biz türk olmayan müsəlmanları özümüzdən uzaqlaşdırırıq. Azərbaycanda kürd, dağıstanlı və islamiyyətə mənsub olan başqa qövmlər də yaşayır. Bunlar da öz milli fırqələrinimi təşkil etməlidirlər? Milli siyasət müsəlmanlığa nifaq sala bilər. Ona görə mən bu komitəyə girməyi lazım bilmirəm, - dedi və yerində oturdu.

Döşündə tibb fakültəsi nişanı olan birisi şişman vücudu ilə sandalyanı şıqqıldadaraq:

– Mən həkim babayam, mən fırqəni nə edirəm? Həkimlik də elə bir firqədir, - deyə söylədi və qara yanaqlarına yaraşan uzun bığını tumarlamağa başladı.

Yerdə qalanlar etirazsız olaraq milli komitəyə yazıldı. Yeddi kişidən mürəkkəb bir komitə seçildi. Rüstəmbəy sədr, Qulamrza da katib oldu. Həqqi, Həsənoğlu, Zeynal, Müslüm komitəyə üzv seçildilər. - Komitə üzvləri olmayanlar gedə bilər, - deyə Rüstəmbəyin səsi eşidildi.

Əbdürrəhim və başqaları durub getdilər. Komitə isə yenidən iclas açıb müzakirəyə oturdu.

Rüstəmbəyin müqəddiməsindən sonra birinci sözü Qulamrza istəyib dedi:

– Yoldaşlar, "Müsavat" proqramını rədd etdik. Başqa proqram da yoxdur. Proqramsız işləmək mümkün olmadığı üçün əlimizdə yazılı bir şey olmalıdır. Rüstəmbəydən təvəqqe edək, bizə bir proqram düzəltsin.

– Sonra müzakirə edək, - deyə Həsənoğlu əlavə etdi.

– Təbii, komitəyə təqdim edər, müzakirə edərik. Komitə bu təklifi qəbul etdi. Sonra bir çox məsələlər irəli sürüldü. Başlıca olaraq: Ukrayna xadimləri ilə sazişə girmək qeyd olundu. Zemlyaçestvo məsələsi müzakirə olundu, bunun da yeganə varisi komitə olduğu bildirilib, pulların və kitabxananın həczi qərara alındı. Nəhayət, həftənin müəyyən bir günü iclas üçün təyin olundu. Sonra iclas qapandı. Ayağa qalxdıqda bir də Rüstəmbəy dedi:

– Yoldaşlar, Qulamrza ilə mənə həvalə edin, komitəyə möhür ismarlayaq.

– Yaxşı, yaxşı! - deyə təsvib etdilər.

Komitə üzvləri təcrübəsiz, az məlumatlı, adi tələbələrdi. Kimisi təhsilini qurtarmaqda idi. İctimai işlərlə heç biri məşğul olmamışdı, odur ki, bacarıqsız olduqları gözə çarpırdı. Bunların hərəsinin bir xüsusiyyəti vardı. Həqqi tənbəl və inad; Zeynal acıdilli; Müslüm safdil; Həsənoğlu isə şəxsi faydasını güdən, tacir ruhlu və qapalı ürəkli bir adamdı. Tühaf burasıdır ki, bunları bir-birinə bağlayan nə xüsusi dostluq vardı, nə də şəxsi həyat. Hərəsi bir şəhərdən gəlmiş, təsadüfən Kiyevdə göruşmüş və ruhən biri digərinə yabançı qalmışdı.

Buna baxmayaraq, milli hiss bunları milli komitə ətrafına toplaya bilmişdi; lakin bunların milli hissləri də müəyyən bir xüsusiyyətə malik idi. Ailə və çocuqluq mühitləri bu hissi bunlara verməmişdi. Orada onları bəsləyən yalnız dini məfkurələr olmuşdu. Deməli, milli ruh bunlarda üzvi deyil, təqlid qanunu vasitasilə doğmuşdu. Kiyevdə polyak studentlərinə rast gələrək, onların rus dilini boykot etmələrini milli ənənə və tarixlərinə sarılmalarını görmüşdülər; yəhudi, gürcü, erməni və başqalarının milli təşkilatları ilə aşina olub aydın bir məfkurə yolunda çarpışmalarının şahidi olmuşdular...

Özgələri təqlid edərək: "Bizim də bir mənəmliyimiz olmalıdır", - demişdilər. Rüstəmbəy bu ruhi vəziyyəti duyaraq, cürbəcür xassələr daşıyan adamları bir fikir ətrafına toplaya bilmişdi.

Fikrin özü belə, onu daşıyan gənclər kimi, hələ təbəllür etməmişdi, tərəddüd və şübhə daima istiqamətini pozurdu. Komitənin başında duran Rüstəmbəy belə sabit bir fikrə və sarsılmaz bir məfkurəyə malik deyildi. O daima oxuyur, axtarır və bəzən çıxılmaz yollara belə düşürdü.

Axşam Rüstəmbəy evə döndükdə otağında bir ailə istirahəti duydu. Samovar hazır, masaya əlvan yeməli şeylər düzülmüşdü. Ətir qoxusu damağa çökürdü. Divardakı rəsmlərə sus üçün incə bantlar taxılmışdı. Hər yerdə nizam və səliqə görünürdü. Yataq camaşırı belə dəyişilmiş və yanındakı xırda masanın üzərinə vazda gözəl çiçəklər qoyulmuşdu.

Musya onu görcək tez qalxdı, şapkasını alıb asdı.

– Yuyunmaq istərmisən? - deyə yumşaq bir səslə sordu. Rüstəmbəy yuyunub, masanın ətrafında Musya ilə qarşı-qarşıya oturdu. Musya:

– Yəqin, yorulmusan? - deyə sordu.

– Yox. Seçki bitdi, indi çalışmaq lazımdır.

Musya çay tökdü:

– Bazara getdim, - dedi, - bulka tapa bilmədim. Bir yerdən üç dənə pasta ala bildim. Xırda pul olmadı, əlli qəpiyi də orada buraxıb gəldim.

– Elədir, indi burada yaşamaq çətindir. Heç bir şey tapılmır.

– Bizim şəhər də belədir: ərzaq komitələri təşkil etmişlər, onlar da alış-verişlə məşğuldurlar. Bir gün qadınlar çörəkçi dükanına hücum edib dağıtmışdılar.

– Getdikcə daha fəna olacaq. Baxın, bolşeviklər iş başına keçmək istəyirlər. Onların şüarlarını bilirsinizmi? - "Cəbhədə sülh, arxada müharibə," - deyə hayqırırlar. Hakimiyyət üstündə qanlar töküləcək.

Musya bir az düşünərək safdil bir halda:

– Bilmirəm, - dedi, - insanlar daha nə istəyir, çarı yıxdılar, hürriyyət qazandılar, di məmləkəti yaxşı idarə etsinlər. İndi işlər daha da xarablaşır. Rüstəmbəy gülümsünərək:

– Təbii deyilmi? - Kerenski xalqın istədiyini vermək istəmir. Baxın, müharibə yenə davam edir, mərkəziyyət üsulu yenə qalır...

Musya diqqətlə dinləyərək:

– Sizcə, Rüstəmbəy, nə olmalı? - dedi.

– Məncə, federasiya. Millətlər öz-özlərini idarə etməlidirlər. Siz ukraynalı olaraq, bunu bilməlisiniz.

– Mən ukraynalıyam, ancaq milli dilimi bilmirəm. Bir də ukraynaca yalnız kəndlilər danışır.

Rüstəmbəy:

– Eyib! Eyib! - deyə istehza ilə başını tərpətdi.

Musya da:

– Məndə qəbahət var? - deyib oynaq bir halda gözlərini süzdü.

Mövzunu dəyişdilər. Cəbhəni xatırlayaraq, keçirdikləri xoş günləri təsəvvür etməkdə həzz duydular. Rüstəmbəy Musyanın Buçaçda tökdüyü göz yaşlarını yad edib, istehza ilə güldü. Musya qıpqırmızı kəsilib nazlana-nazlana:

– Nə edəydim? - dedi. - Hamı qaçir, göydən aeroplanlar bomba tökürdü; alman bizi əsir apara bilərdi...

– Nə olardı? - deyə Rüstəmbəy onun sözlərini kəsdi, - gözəl bir almanla evlənib məsud olardınız.

– Oy, evlənməzdim! Almanla xoşbəxt ola bilmərəm... Mən cənubluları, qaraqaş, qaragözlü cənubluları çox sevirəm.

Rüstəmbəy Musyanın bu işarəsini qulaq ardına vurub, başını aşağı saldı və masa örtüsünün kənarını bükməyə başladı.

Saat on ikiyə yaxınlaşırdı. Musya daranıb, yatmaq tədarükündə idi. Rüstəmbəy də salonda yatmağına müsaidə olmaq üçün ev xanımının yanına getdi. Xanım razı oldu və maraq edərək Rüstəmbəyi söhbətə tutdu:

– Nişanlısınızmı? - deyə sordu.

– Yox, tanışdır. Nə üçünsə gəlmiş, bir neçə gündən sonra gedəcək.

Xanım hiyləgər bir təbəssümlə:

– Sizə çox yaxın görünür, - dedi, - bəlkə də sizi sevir. Hər halda ümidlə gəldiyini zənn edirəm... Bilirsiniz, gözəl qızdır. Çox tərbiyəli və nəzakətlidir... Mən sizin yerinizə olsaydım, fürsəti qaçirmazdım.

– Aman, bu zamanmı?

Xanım bir az da mülayim səslə:

– Bilirsiniz, siz gəncsiniz, həyatı bilmirsiniz, gələn baxtdan qaçmazlar; çünki fürsət nadir qonaqdır. Bir daha gəlməyə bilər.

Rüstəmbəy xudpəsənd bir halda:

– Hələ gəncik, yenə gələr.

– Bağışlayın, neçə yaşınız var... Bağıslayın, dostluqda soruşuram.

– İyirmi doqquz.

– O, evlənmənin tam vaxtıdır. Sonra gec olar...

– Olmaz! Olmaz!..

Xanım qəhqəhə ilə gülüb, əlavə etdi.

– Məndən sizə demək - fürsəti qaçırmayın! Qız sizə aşiqdir. Bu gün danışdırmışam. Rədd etsəniz, dəli olar...

Rüstəmbəy oynaq bir halda:

– Olmaz! Olmaz! - deyə ayrıldı. Qapısına yanaşıb taqqıldatdı:

– Olarmı? - dedi. Otaqdan:

– Bir az gözləyin, - səsi eşidildi.

Rüstəmbəy bir neçə dəqiqə koridorda gəzinməyə başladı. Bir az sonra Musyanın bakir səsi:

– Olar! - deyə havanı titrətdi.

Rüstəmbəy otağa girib, Musyanı yataqda gördü. Tavandakı lampa söndürülmüş, yalnız çarpayının yanındakı yanırdı. Ətirlənmiş yataq rayihə saçırdı. Musyanın qonur saçları ağ yastığa sərilərək, atəş saçan çöhrəsinə gözəl bir fon təşkil etmişdi. Rüstəmbəyə heyran-heyran baxan gözləri dənizdə dalğalanan günəş əksini xatırladırdı. Totuq qolu və incə əli ipək yorğana istinad edərək, pərəstişkar bir vəziyyətdə idi...

Rüstəmbəy qapıya söykənib qaldı; cəsarətlə bərabər idrakı da vücudunu tərk edib, bu gözəl yataq ətrafında uçuşan sirlərə qarışmışdı...

Bir neçə dəqiqəlik sükut otağı bürüdü. Lakin Musyanın göz yaşları sükutu titrətməyə başladı. Rüstəmbəy qeyri-şüuri bir halda irəliləyib, çarpayının kənarında oturdu:

– Musya! Musya, nə olub? - deyə sol əli ilə qızın başını əhatə etdi. Günəş əksini andıran gözlər ona dikilərək, həsrətini anlatmağa başladı... Rüstəmbəy onu özünə tərəf cəlb edib boynuna sarıldı.

– Sən mənimsən - deyə Musya inildədi və göz yasları, səsini boğdu.

Musyanın sözləri, sanki Rüstəmbəydə ikinci bir şəxsiyyət oyatdı: əlini Musyanın gərdənindən çəkib oturdu. Bir dəqiqə əvvəl köksündə çırpınan bu istəkli vücud yenə sislərə bürünməyə başladı. Aralarındakı mənəvi məsafə sürətlə genişlənir və Rüstəmbəyi də uzaqlaşdırırdı. Musya yenə orta əsrdəki şevalye sarayından tamaşa edən xəyali bir qız kimi görünməyə başladı. Ortalıqda altı əsrlik bir sədd dikəlmişdi. Rüstəmbəy durub getmək istədi. Musya onun əllərinə sarılıb buraxmadı:

– Yenə nə oldu. Bilmirəm ki? - dedi və Rüstəmbəyin əlini götürüb hərarətlə öpdü. Sonra yalvarıcı səslə: - Rüstəmbəy, - dedi, - sizdə tühaflıqlar var, səbəblərini mənə anlatmazsınızmı? Məni sevmirsiniz, deyilmi? Anlat da.

Rüstəmbəy, şiddətli məhkəmə qarşısındakı cavaba aciz qalan bir cani kimi, əvvəl söz aradı, sonra titrək səslə:

– Musya, bilirsiniz, hissə qapılmaq nə böyük məsuliyyətdir...

Musya:

– Ah, Rüstəmbəy, - deyə onun sözlərini kəsdi, - bircə bilmirəm, nə üçün hər şeyi ağılla ölçürsünüz. Nə məsuliyyət?

– Hər bir insan məsuliyyət duymalıdır.

Musya əlini onun əlindən uzaqlaşdıraraq, darğın bir tonla:

– Siz məxsus mənimlə əylənirsiniz, - dedi və üzünü divara çevirdi. Rüstəmbəy ayağa qalxdı:

– Gecəniz xeyrə qalsın! - dedi və qapıya doğru yönəldi. Musya Rüstəmbəyin sözlərini əvvəl cıddi sanmayaraq, cavab vermədi. Sonra Rüstəmbəyin qapını açıb çıxması izzəti-nəfsini yaraladı.

Qonşu salonda taxt şıqqıldadı, Rüstəmbəyin yatmağa hazırlanması bəlli idi. Musya hiddətindən yanındakı lampanı söndürüb, acı göz yaşları tökməyə davam etdi.

O biri gün bir-birinə qarşı soyuq bir vəziyyətdə idilər; lakin Musya yenə hörmət və nəzakətindən əl çəkmirdi. Sabah çayı bitdikdən sonra Rüstəmbəy Musyaya bir söz demədən otağı tərk etdi. Çoxdan İmranın dükanına getməmişdi. Azərbaycandan gələnlərin İmranla əlaqəsi olduğu üçün orada həmişə yeni xəbərlər olurdu. Rüstəmbəyi də başlıca maraqlandıran o idi. Gəlməsi də isabət oldu: Xəlil məklub və bir çox da qəzet göndərmişdi. Rüstəmbəy mağazanın bir guşəsinə çəkilib, konverti tələsik açdı. Məktub rusca yazılmışdı. Oxudu:

"Əzizim!

Əvvəl yoldan başlamaq istəyirəm. Yollar olduqca çətin və zəhmətlidir. Bir kərə nizam deyilən şey qətiyyən yoxdur: qatar istədiyi yerdə durur, hər şey maşınistin kefinə bağlıdır. Adam adam başında oturmaq üçün müəyyən yer yoxdur. Pərdələr çalınmış, şam yox, gecələr qaranlıqda otururuq. Vaqonların damları belə çiyni torbalı soldatlarla doludur. Bəzi stansiyalarda gəlib vaqonları axtaranlar da olur, etiraz edənləri döyürlər. Bir neçə yarılmış başın da şahidi oldum. Fərdi mühakimələr də az deyildir. Birisinin çamadanından beş tapança çıxdı: soldatlar çəkib vaqondan endirdilər - platformadaca ayaqlar altinda canını təslim verdi... Xülasə, böyük bir anarxiya...

Bakı çox da dəyişilməmişdir, gördüyün və bildiyin adamlar. Əliyarbəy Milli Komitə başında əyləşib, fəaliyyətdən çox fəaliyyətsizlik göstərir. Nə özü çalışır, nə çalışanı qoyur. Gənclərə yol vermir. Zatən kimə verir ki?.. Yaşlı xadimlərimiz də onun əlindən zardırlar. Hər bir məclisdə özü sədarət edir. Ancaq bir məclisdə təsadüfən onu sədr seçməmişlər, acığından, deyirlər, gedib evdə bayılmış... Nə başağrısı, işlərimiz komediyadır, komediya!..

Gənclərin bir hissəsi "Müsavat"ın ətrafına toplanmışdır. Burada da cib məsələsi getdikcə meydan aldığı üçün "bunların da işi qullabidir". Son zaman pul qazanmaq asan olduğu üçün hər kəs tacirlik məşqindədir. Təsəvvür edirsənmi, Kiyevdə millərpərəstliyi ilə aramızda məşhur olan Şirin böyük sərvət sahibi olmuşdur. "Müsavat" sütunu sayılan bu adam Gəncə ərzaq komitəsinin şəkərini "daşbaş" eləməklə Tiflisdə özünə ücmərtəbəli ev almışdır. Təfsilata lüzum qalmır, zənn edirəm! Qumar və kef məclisləri həddən aşmışdır... Sədarət üstə baş yarılır...

Bakı burjuaziyasının qudurğan cəmiyyətindən zəhləm getdiyini bilirsən. Odur ki, çirkə batmamaq üçün cəmiyyətdən uzaq qaçaraq, "Hümmət"ə qoşuldum. Tanıdıqlarından Səlman, Mir Cəfər və Əhməd də bizimlə işləyirlər. İndi öz orqanımız da var (göndərirəm...).

Yaz görüm, fıkrin nədir? Türkcə bildiyin üçün, buraya gəlsən, böyük hörmət qazanarsan... Vəlibəy zəngin bir rus qadını ilə evləndi, gözün aydın olsun! Pərviz heç bir işə qarışmır, yalnız ticarət işinə baxır. Yenə səliqəli geyimində davam edir. Çingiz arvadı ilə öz şəhərində imiş. Vəssalam!.. Bu da məktub!

Öpürəm səni, Xəlil."

Yazılandan sonra: "Vəhsi diviziya"dan gəlmə zabitlər bu günün qəhrəmanı sayılırlar. Bunların şərəfinə çəkilən ziyafətləri görsən də! Gəncədə cəbhədən çəkilən rus əsgərlərinin silahını almaq bir qəhrəmanlıq sayılır. Bu da gürcülərin oyunudur...".

Rüstəmbəy məktubu qatlayıb, qəzetlərlə bərabər evə qoşdu. Bütün günü çarpayının üzərinə uzanıb, qəzetlərin mütaliəsi ilə məşğul oldu.

Dul çariçanın Kiyevdəki sarayı həcz edilib inqilabi təşkilatlara verilmişdi. Bu cümlədən olaraq, "Müsəlman hərbi komitəsi" də burada yerləşmişdi. Rüstəmbəy Azərbaycan nümayəndəsi sifəti ilə bu komitəyə üzv alınmışdı. Komitə tatar və başqırd əsgərlərini təmsil edirdi. Cəbhə ilə sıxı əlaqədə bulunan kimi, arxa ictimai və inqilabi təşkilatlarla da rabitəsi vardı. Radanın xalqlar qurultayı çağırması komitə tərəfindən hüsn-rəğbətlə qarşılandı. Fəaliyyət bir qat daha artdı: əlaqədə bulunduğu müsəlman təşkilatlarına məktublar göndərilib, qurultaya hazırlanmaları tövsiyə olundu.

Rüstəmbəy hər sabah saraya gedir və saat ikiyə, üçə qədər orada çalışırdı. Müsəlmanların hüququnu müdafıə etmək üçün qüvvətli təşkilatlarda nümayəndələr bulundurmaq icab edirdi. Hələ rada Ukrayna hakimiyyətini tamamilə ələ ala bilməmişdi. Köhnə idarələrlə bərabər "Soldat və işçi nümayəndələri şurası" da ölkə işlərinə müdaxilə edirdi. Komitənin qərarına görə Rüstəmbəy şuraya vəkil göndərildi. Şura sarayın üst mərtəbəsində bir neçə otaq da məşğul edirdi.

Soldat və işçi vəkilləri ilə bərabər oturduqları ilk iclas Rüstəmbəyə bir az tühaf görünmüşdü. Bu qeyri-mədəni kimi görünən sadə geyimli adamlar bir dəqiqədə bir çox məsul məsələ həll etdilər.

Üzü qırxılmamış sallaq bığlı birisi: - "Kiyevlyanin" qəzeti müdiri Şulkin həbs olunsun, - deyər-deməz, "Olunsun!" - deyə səslər eşidildi və bir dəqiqə qaib etmədən inqilaba qoşulmuş zabitlərdən birini qərarın icrası üçün göndərdilər.

Bu əsnada bir kömbə çörək gəldi. Hamı yerindən qalxıb, bir dəqiqədə çörəyi əlləri ilə parçaladılar və gəvələyə-gəvələyə iclası davam etdirdilər:

– Bu axşam Yeremi keşişin evində monarxistlərin müşavirəsi hazırlanır. Xəbər səhih mənbədən alınmışdır.

Orta yaşlı işçinin verdiyi xəbər dinlənildikdən sonra suallar verilir, məsələ öyrənilir və haman həbs edilmələri qərara alınır. Qərarın icrası üçün üzvlərdən birinə fövqəladə səlahiyyət verilir.

– Stansiyada bir neçə ağır və şübhəli qutular dayandırılmış. Tədqiq edib, sahibini aramalı...

– Prokurorun əzli...

– Xitabnamə nəşri...

Çörək yeyilib qurtaranacan iyirmiyə qədər cürbəcür məsələyə baxıldı. Əvvəllər şura üzvlərinin təkliflərini heyrətlə dinləyən Rüstəmbəy sonra bu inqilabi üsullara alışdı.

Ziyalılar mühitində böyüyən Rüstəmbəy inqilabdan doğan bu sərt, qaba, tühaf zarafatlı və söyüşcül adamlara alışmaq istəmədiyi halda, mühit onu yumşaltdı və alışdırdı. İnqilab sahəsinə atılanların əksəri ona səmimi və hüsni-niyyət sahibi kimi göründü.

Rüstəmbəy otağında Xəlilə məktub yazmaqla məşğuldu. Kiyevin övzaını bildirib, həftədə bir Azərbaycandakı vəziyyəti xəbər verməsini ondan rica edirdi. Məktubu yazıb bitirdi və təkrar oxuduqda qapı tıqqıldadı:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 255; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.007 сек.