Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 5 страница




– Qardaşınız gəlmişdir, - deyə təbrik etdi.

Cabbar xanımın xəbərini ürək çırpıntısı ilə dinləyib, hövləki soruşdu:

– Bəs necə oldu? Nə üçün qalmadı?

Xanım:

– Adresini qoyub getdi, - dedi. - Bessarabkada bir oteldə düşmüş. Cabbar heç bir mühakimə yürütmədən Bessarabkaya doğru qoşdu.

Çirkli bir otelin üfunətli pilləkəni ilə dırmanıb, qaranlıq koridoru dolaşaraq, nömrələrdən birinin qapısını tıqqıldatdı. Qapı açıldı. Çopurdan gələ-götür olmuş pələ burunlu, qıvrım uzunsaçlı, kirliyanaqlı bir gənc görünərək:

– Yəqin, Cabbar qardaşınız, - deyə onu mütəşəkkir baxışla süzdü.

Cabbar hövləki:

– Qardaşım burada deyilmi? - deyə sordu. Cavabında gənc daha da yumşaq səslə:

– Zatən mən də sizin qardaşınız deyilmiyəm? - deyə gülümsədi.

Cabbar bu işin acı bir zarafat olduğunu duyaraq özündən çıxdı, dünyada nə qədər fəna söyüşlər varsa, bu gəncə qarşı yağdırıb geri döndü.

Bir gün sonra iş təfsilatı ilə Azərbaycan kolonisinə məlum oldu. Bu gənc irani imiş. Səftərə müraciət edib, vətəninə getmək üçün yol kirayəsi istəmiş. O da sataşmaq üçün Cabbarın adresini verib, yanına göndərmişdi. Cabbar qardaşının fəzilətləri ilə ev xanımını maraqlandırdığı halda, eybəcər bir "qardaşın" gəlməsi onu xanımın yanında rüsvay etmişdi.

 

 

Rüstəmbəy Kiyevdəki baş idarələrindən bir telefonoqramma alıb, oraya getdi. Müdir onu həmişəkinə nisbətən soyuq qəbul edərək:

– Məzuniyyətinizin vaxtından tam bir ay keçir. Ya xidmətinizə dönün, ya gedib müfrizəni təslim verin, - dedi.

Rüstəmbəy təklifın haqlılığını etiraf edib, heç bir etirazda bulunmayaraq:

– Xəstə idim; bu yaxında gedib kimə desəniz təslim edərəm, - dedi.

Bununla məsələ bitmiş hesab edilərək müdirlə Rüstəmbəy arasında başqa bir söhbət olmadı. Rüstəmbəy geri döndü. Opera teatrının qarşısında, Böyük Vladimir küçəsinin tininə çoxlu adam toplaşmışdı. Adamlar bir-birini basaraq restoranın pəncərəsinə boylanırdı. Rüstəmbəy də camaatın arxasında dayandı, Ukrayna məsələsi üçün Kerenski, Sereteli və Tereşenkonun müşavirəyə gəldiklərini duydu. Bir də xaki frençli, bığ və saqqalı qırxıq, geniş alın, təlx sifət birisi masanın arxasından qalxıb, pəncərəyə doğru gəldi. İzdiham:

– Yaşasın Kerenski, yaşasın müvəqqəti hökmumət! - deyə onu alqışladı.

Rüstəmbəy etirazedici bir sima ilə izdihamdan ayrıldı. Bir zaman "hürriyyət şairi" - deyə xalqın təqdis etdiyi bu adama o da tapınırdı. Lakin milli hərəkətlərə-zidd, üsuli-idarədə mərkəziyyət tərəfdarlığı məlum olan, xarici siyasətdə çardan geri qalmayan bu adam indi artıq Rüstəmbəyin rəğbətini qazana bilməzdi. Zatən Kerenskinin ulduzu sönməkdə idi; onun populyarlığı xırda bir zümrə dairəsindən kənara çıxa bilmirdi.

Rüstəmbəy Kreşşatikə enib, İmranla vidalaşmaq üçün "Qafqaz" mağazasına getmək istəyirdi. Təsadüfən yolda İmrana rast gəldi; görüşdülər:

– Sabah cəbhəyə gedirəm, mənə görə qulluq.

İmran heyrətlə:

– Bəs bunu bir az əvvəl niyə demədin? - deyə sordu. Rüstəmbəy telefonoqrammanı anlatdı. İmran səmimi bir səslə:

– Sabah gedə bilməzsən, - dedi. - Sabah nahara bizdəsən, o biri gün gedərsən.

Rüstəmbəy bir az düşünüb, mütərəddid bir vəziyyət aldı. Onu duyan İmran təkidlə:

– Düşünmək yeri yoxdur, - dedi. - Nə olar, bizim xatirəmiz üçün bir gün gec get.

Rüstəmbəy razı oldu. İmran təkrar:

– Səfərin uzunmu sürəcək? - deyə sordu.

– Yox, işləri təslim verib gəlirəm.

– Çox gözəl. Gəl, burada iş çoxdur.

O biri gün saat üçdə Rüstəmbəy, Xəlil və Səftər İmranın otağına toplaşmışdılar. Rüstəmbəy yemək masasının baş tərəfində, Xəlillə Səftər də yan tərəfındə oturmuşdular. Ağ örtülü masanın üstə araq, şərab, konyak və əlvan məzələr qoyulmuşdu. Sağ tərəfdəki komodun üzərindəki vazlarda cürbəcür meyvələr vardı.

İmran girir-çıxır, arabir koridordan səsi eşidilirdi. Rüstəmbəy bu gün çox nəşəli idi. Xəlil "Müvəffəq olmadığımız eşq" deyə meydana bir mövzu atmış, hər kəs şəxsi macəralarından bir şey anladırdı. Növbə Rüstəmbəyə gəlmiş, bu da bir qızın ona aşiq olub onu izlədiyini, eşq dərsi dediyini anladıb hamını güldürürdü.

Yemək başlanıb sağlıqlar söylənməkdə idi. Bir də qapı açıldı, Cabbarın əsəbi siması hər kəsi heyrətə saldı: o buraya çağırılmamışdı. Səftər gülə-gülə əyilib, "Zalım oğlu yeməyin iyini elə tez alır ki", - deyə Rüstəmbəyin qulağına pıçıldadı. Sonra eyni tərzlə:

– Bah, "qardaş", ya Allah. Buyur görək, - deyə istehza ilə güldü.

Cabbar "qardaş" sözündən son dərəcə pərt olaraq mırıldandı və sandalya alıb, masadan kənarda oturdu. İmran laübali bir halla:

– Ə, adam oğlusan, gəlmisən gəl otur, zəhrimarlan.

Cabbar yenə cavab verməyərək, öz-özünə mırıldandı.

Bu dəfə İmran qalxıb onun sandalyasını masaya doğru sürüklədi. Xəlil ciddi səslə:

– Təklifim var, - dedi. - Qədəhləri doldurun Cabbarın sağlığına içək.

Qədəhlər doldu, Xəlil sağlıq başladı:

– Bu gün, - burada müvəffəq olmadığımız eşqdən söylədiklərimiz bızim aciz olduğumuzu göstərdi. Halbuki gənc, gözəl və canımız sulu vaxtı müvəffəq olmasaq, bir az sonra lap avara qalasıyıq. Bu yolda Rustəmbəyin geridə qalması məni büsbütün məyus edir. Bərəkətlər ki, Cabbar kimi alıcı quşların aramızda olması işləri tamamilə dəyişir. Ovlamır, ovlamır, ovlayanda kəkliyi gözündən vurur...

– Heç cücə də vurmur.

– Aldığı arvadı gördük, yoluq qarğaya oxşayır, - deyə sözlər Xəlilin sağlığını kəsdi.

– Yoldaşlar, təvəqqə edirəm mane olmayın. Mən deyim qurtarım, siz də deyərsiniz... Məncə, Cabbar alıcı quşdur. Aldı da, kişi olduğunu da göstərdi; nər kimi bir oğul da qazandı...

– Özündən deyil!

– Görəsən hansı dalandardandır, - deyə eşidilən replikalar yenə Xəlilin sözlərini kəsdi. Cabbar pərt oldusa da, acığını boşqablardakı məzələrdən alırdı. Yedikcə, otluğa buraxılmış camış kimi ağzı marcıldayırdı.

Nəhayət, uzun istehzalardan sonra qədəhlər qaldırıldı. Sonra məclisdəkilərin sağlığına birər qədəh içib, nitqlər söylədilər. Bilxassə Rüstəmbəyin səfəri münasibətilə onun şərəfinə badənuş olub, səmimi və həssas sözlər söyləndi. Axırda yenə Cabbarla əylənməyə və zarafata qalxışdılar.

Səftər söz aldı. Qaşlarını qaldırıb sərzənişlə:

– Cabbarın hər bir qabiliyyətindən danışıldı, amma ən boyüyü unuduldu, - dedi. Cabbar Səftərdən xeyirli söz baş verməyəcəyini duyub, əsəbi bir hal aldı; kirpiksiz gözlərini döyüb dişlərini qıcıdaraq, yanaqlarının arıq dərisini oynatmağa başladı. Səftər sözlərinə davam edirdi:

– Bunun iti bir burnu var, xörək iyini bir verstlikdən alar, o saat özünü yetirir...

– Ov tulası kimi, - deyə İmran firlatdı.

– Yəni burnu elə məşhurdur? - deyə Xəlil əlavə etdi.

Cabbar yerindən qımıldanaraq:

– Ağzımı açdırmayın, paxırınızı açaram, - dedi, gözlərini bərəltdi və Səftərə tərəf yönələrək:

– Sən barı dinmə, səfarətxanada sülənirsən! Peşən rüşvət yeməkdir!..

Bir də şərabla dolu qədəh Cabbarın başına yamandı. Əlavə olaraq Səftər sıçrayıb Cabbarı yaxaladı. Hər kəs yerindən qalxıb bunları araladı. Məclisi sakit etdilər. Yemək bir müddət sükut içində keçdi. Bir də İmran qəhqəhə ilə Cabbarın başına bir qapaz salıb:

– Bu dil ki, səndədir, hələ çox döyüləcəksən, - dedi.

Cabbar İmranın hərəkətindən sınmayaraq, yeməyinin sürətini belə yavaşıtmadı.

 

 

Rüstəmbəy camadanını toplarkən qapısının tıqqıltısını eşitdi. İrəliləyib qapını araladıqda bənizi qaçmış Cabbara rast gəldi. Bu adam dünəndən bəri bir az solmuş və bir az da incəlmişdi.

Rüstəmbəyi görcək rusca:

– Müsaidə et, girim, - dedi.

– Buyur.

Cabbar suçlu-suçlu içəri girdi və şeylərin qablanmasını görərək:

– Deyəsən, gedirsən? - deyə qərib adam kimi bir tərəfdə durdu. Rüstəmbəy yer göstərərək:

– İki saatdan sonra gedirəm, - dedi.

– Hansı şəhərdə olursan?

– Buçaçda.

– Avstriya şəhəri gərək olsun.

– Elə... Bağışla çamadanı qablayım, sonra danışaq.

– Yaxşı, sən işini gör, mən mane olmaq istəmirəm.

– Bu dəqiqə qurtarım... Yaxşı oldu gəldin, hələ vaxt var.

Rüstəmbəy əldəki şeyləri yığışdırıb, çamadana və sakvoyaja qabladı və otağı dürüst yoxladıqdan sonra saatına baxıb əllərini yudu, sildi və oturdu.

Cabbar hörmətkar bir tərzdə:

– Bilirsən, - dedi, - buraya müəyyən bir məqsədlə gəldim... Dünən sənin yanında nəzakətsizlik oldu. Mənim sinirlərim pozğun, bizim adamların da tərbiyəsi yox. Bilirsən dünəndən bəri nə qədər mənəvi əziyyət çəkmişəm. Gecə sabaha qədər yatmamışam...

Cabbar sözlərinin davamına müstəid deyildi; birdən doluxsunub, gözlərindən yaş süzələndi.

Rüstəmbəy heç bir söz söyləməyərək onu seyr etməyə başladı. Cabbar cibindən girli bir dəsmal çıxarıb gözlərini sildi; sonra qoltuğundan bir yırtıq dəftər çıxarıb, içindən bir rəsm götürdü. Rüstəmbəyə uzatdı:

– Bax, - dedi, - bu mənim oğlumdur, - bu sözlərlə bərabər Cabbarın üzündə məyus bir təbəssüm parlayıb sönərək əzab cizgilərinə dəyişildi. - Bax, dodaqları mənimkilərin tibqi deyilmi? İftiralar nəyə lazım?

Cabbarın gözləri yenə yaşla doldu. Bir neçə dəqiqəlik sükutdan sonra şikayətedici səslə:

– Bir il əvvəl görürəm "Kaspi" qəzetində yazılmış: "Kiyev tələbələrindən Cabbar Salah oğlu fücətən vəfat etdi". Buradan hansı xəbis isə qəzetə belə bir məlumat vermişdi... Bu vəhşətə qarşı nə deyəsən; sən bu sürüdən vətən və millət xadimliyi gözləyirsən...

Rüstəmbəyin təkrar saata baxması Cabbarı düşündürdü: sözlərini yarımcıq kəsib dik qalxdı.

– Bağışla, - dedi, - səni rahatsız etdim. Ürəyimə toplananları sənə söyləmək üçün gəldim... Bəzən mühit mənə çox ağır görünür...

Rüstəmbəy Cabbara təsəlli verdi, deyilənlərə çox da əhəmiyyət verməməsini tövsiyə edərək, zəngi basdı. Bir dəqiqə sonra qarson hazır oldu. Rüstəmbəy fayton çağırmasını rica etdi. Qarson haman çəkilib getdi, Cabbar da təkrar üzr istəyib, otağı tərk etdi.


ÜÇÜNCÜ HİSSƏ

 

 

Ternopola doğru yürüyən tren başdan-başa siyasi münaqişəyə qapılmışdı. Birinci sinifdən tutmuş üçüncü sinfə qədər - hər kəs qruplara ayrılıb, bəhs etmədə idi. Leninin nitqləri, "Pravda"nın məqalələri, bolşevik təbliğatı hər şeydən artıq beyinləri atəşləndirmişdi. Artıq müharibənin əvvəllərində süni olaraq coşdurulmuş vətən hissi sönmüşdü. Burjua qəzetlərinin təhrikinə baxmayaraq, "Son zəfərə qədər müharibə" şüarı da ölmüşdü. Kerenskinin cəbhədə hücuma keçilməsi əmri də əksəriyyət arasında təsir doğurmamışdı. Sülh və asayiş xəyallarda hökm sürən yeganə bir qüvvə idi. İnqilabdan razı olmayanlar üçün hələ vətən, boş da olsa bir məna ifadə edirdi. Bunlar müharibənin davamını, müttəfiqlər arasında imzalanan müahidələrə riayət edilməsini, zəif səslə də olsa, irəli sürürdülər. Komandan qismi isə olduqca bədbindi, ordunun hərbə müstəid olmasına inanmırdı.

Rüstəmbəylə birinci sinifdə əyləşən bir general deyirdi:

– Kerenski Fransa inqilabını sətirbəsətir təqlid edirdi. O vaxt Parisdə olan hadisələr ordunun zəfərinə mane olmurdu. Bu hal bizdə tətbiq olunarmı? Mərkəz deyil, bütün Rusiya başdan-başa çaxnaşmışdır. İllərdən bəri səngərlərdə bit basan soldat arxaya, evinə və ailəsinə baxır. Vətən hissi bizdə hələ inkişaf etməmişdir.. Mədəni səviyyəmiz sıfra müsavidir. Ərzaq böhranı Rusiyanı dalğalandırır. Bunları kor gözləri ilə görməyən Kerenski əlindəki qımızı dəsmalla soldatda inqitab hissi oyatmağa qalxışır. Bu adam sanki səhnədə diktator rolu oynayır, həyatla heç bir əlaqəsi yoxdur. Dövlət işləri kəndirbazlığa dönmüş.

Qarşıda oturan keşiş müsahibinin sözlərini təsdiq edərək, uzun saqqalını tərpədirdi:

– Əh! - deyirdi, - cuhudlar müqəddəs Rusiyanı batırdılar. Taxt yıxıldı, kilsə ləkələndi, əxlaq pozuldu...

Döşü darülfunun nişanlı bir zemstvo əməkdaşı gülə-gülə keşisin sözlərini kəsdi:

– Ata, - dedi, - bədbinliyiniz, zənnimcə, yersizdir; inqilab olmasa yenilik doğulmaz. İnqilab zəruri idi. Təbii pozğunluqların bir gündə düzəlməsini ummaq da əbəsdir...

– İnqilab Qərbdə sənələrcə davam etmiş. Bizdə də, şübhəsizdir ki, uzun sürəcək.

Keşiş əllərini havada firladaraq:

– Əcəb təsəlli verirsiniz! - dedi. - Biz inqilaba hazırmıyıq? Rus mujiki fransız kəndlisi ilə müqayisə edilərmi? Biz bunları din və taxt nüfuzu ilə saxlayırıq. Bu gün bu iki qüvvə yıxıldıqdan sonra mujikin vəhşətinə qarşı nə ilə sədd çəkəcəyik?

Zemstvo əməkdaşı gülümsünərək:

– Ata, dedi, - zahiri qüvvə ilə adam idarə olunarmı? Mujikdə şüur oyatmalı, onu hazırlamalı, mədəniləşdirməlidir.

General sərt nəzərlə zemstvo əməkdaşını süzdü və ona xitabən söz deməyə tənazzül etməyən kimi üzünü keşişə çevirdi və istehza ilə:

– İştə, hürriyyət mujikdə şüur oyatdı; hər yerdə üsyan olur, nəticədə də vətən torpağını düşmənə tərk edirik. Başqa yerlərdən vaz keçəlim, keçdiyimiz stansiyalara baxın da, görün nə uyğunsuzluqlar törənir; hər yerdə mujik abadanlığı yıxıb dağıdır.

General o qədər xəşin bir hala düşmüşdü ki, aməkdaş bir daha ağzını açmağa belə cəsarət etmədi.

Rüstəmbəy atrafındakılarla mübahisəyə girişməkdən çəkinirdi, bu adamlar ona olduqca yabançı görünürdü. Hər yerdə eşitdiyi siyasi söhbətlər onu təngə gətirmişdi. Qalxıb koridora çıxdı. Qonşu vaqonda bir ukraynalı bir dəstə rusla söz güləşdirirdi. Ruslardan biri:

– "Ukrayna" məmləkətin kənarındakı torpağa deyilir. Bu adda bir dövlət olduğu bizə bəlli deyil. Sonra milli dili, mədəniyyəti mənliyi olmayan bir insan kütləsinə "millət" deyilmirmi?

Ukraynalı dərin bir küdurətlə:

– Ukrayna olanda hələ Moskva dövlət təşkil etməmişdi. Mədəniyyətə gəldikdə siz bizim deyil, biz sizin müəlliminiz olmuşuq, Siz Velikoruslar hər şeyi inkar etməyə öyrənmisiniz. Başqa millətləri məhkum edərək, cinayətkar hərəkətinizi doğrultmağa calışırsınız... Bax da, bizim dilimiz yoxmuş. Bəs, Şevçenko “Kobzar”ını nə dildə yazmışdır.

– Yox, əfəndim, bu fırıldaqçılıq artıq davam etməz: millətlər öz muqaddaratlarını özləri təyin etməlidirlər...

Rüstəmbəy vaqonları dolaşdı, hər yerdə eyni - Kerenskinin Kiyevə gəlməsi, paylaxtda işçilərin nümayiş edib hakimiyyətin şuralara verilməsini istəmələri, milli məsələ ətrafında münaqişələr, sülhmü, müharibəmi?., kimi məsələlərin beyinləri alovlandırması. Hər şeydən artıq bolşeviklərin elan etdikləri şüarlar əksəriyyət arasında rəğbət qazanmada idi.

Rüstəmbəy bu haldan olduqca məmnun qalaraq, vaqonuna dönüb uzandı.

 

 

Rüstəmbəy idarəsinə dönüb, vəziyyəti tamamilə dəyişilmiş gordü: əməkdaşlar Vanyanı müfrizə başçısı seçmişdilər. Bundan əsla dilgir olmadı, Vanya ilə səmimi olaraq görüsdü və "bir həftə sizə qonağam, sonra Kiyevə dönəcəyəm", - deyə əvvəlcədən xəbərdarlıq etdi.

Cünorta yeməyindən sonra Rüstəmbəy bir az istirahət edib, hamama getmək istədi. Vanya brek qoşdurdu. Rüstəmbəy arabaçı Pleşşukla yan-yana oturub yola düşdü.

Pleşşuk sabiq ağasına qarşı hörmətinə davam edirdi. Rüstəmbəyin xidmətindən xaric edilməsi bu hörmətə yoldaşlıq rəngi vermişdi.

Rüstəmbəy:

– Nə var, nə yox? Necəsiniz? - deyə Pleşşukdan soruşdu.

Pleşşuk çoxdan söhbətə hazır kimi:

– Nə olacaq? Hər işlər pozulan kimi, müfrizə də pozuldu. Bütün bölüklər işdən çəkilib, buradakı meşəyə yığılmışdır. Əməkdaşlar keflə maşğuldurlar... Sizin gəlmənizdən heç də məmnun olmayacaqlar. İndidən sizə xəbər verirəm...

Bu sözlərdən sonra Pleşşuk Rüstəmbəyin üzünə zənlə baxdı və sözlərinin təsirini görməyib susdu. Rüstəmbəy onu məyus etməmək üçün:

– Cəbhədən nə eşidilir? - deyə sordu.

Pleşşuk açılışdı:

– Hələ bir xəbər yoxdur. Ancaq buradakı qol ordunu göndərmək ıstədilər, soldatlar getmədi. Mitinqin qərarı bu oldu.

Rüstəmbəy gülümsündü. Pleşşuk da gülümsünərək:

– Yoldaş müdir, - dedi, - xalq yorulmuş, müharibəyə həvəs qalmamışdır...bir də, bağışlayın, mən çox oxumamışam, amma müharibənin mənasını anlayıram. Bizi ölümə yollayırlar, ortalıqda kapitalistlər pul qazanır...

Pleşşuk sözlərini qurtarıb, cəsarətsiz olaraq Rüstəmbəyi süzdü və onun üzündəki təbəssümdən ilham alıb, iclaslarda eşitdiyi fikirləri bir-bir ona söylədi.

Rüstəmbəy Pleşşukun tamamilə bolşevik təsirinə düşdüyünü duydu; çünki təxir etmədən sülh yapma, düşmən əsgərləri ilə qardaşlaşma, hakimiyyətin əməkçilərə verilməsi kimi fıkirlər milyonların ruhunda zəmin bulan bolşevik məhsulu idi.

Rüstəmbəy böyük maraqla:

– Mitinqlər tez-tez olurmu? - deyə sordu.




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 264; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.009 сек.